BMT Gələcək Nəsillər haqqında Bəyannamə qəbul etdi

Sentyabrın 22-23 tarixlərində BMT-nin Nyu-Yorkdakı baş qərargahında keçirilən Gələcəyin Sammitində 193 ölkənin maraqlarını nəzərdə tutan Qlobal Rəqəmsal Saziş və Gələcək Nəsillər haqqında Bəyannamə qəbul edilib.

SİA-nın əldə etdiyi məlumata görə, dünya liderləri tərəfindən Qlobal Rəqəmsal Sazişini və Gələcək Nəsillər haqqında Bəyannaməni özündə birləşdirən Gələcək üçün Pakt qəbul olunub. Bu Pakt beynəlxalq əməkdaşlığı bu günün reallıqlarına və sabahın çağırışlarına uyğunlaşdırmaq üçün əhatəli, illərlə davam edən prosesin kulminasiya nöqtəsidir. Uzun illər ərzində ən genişmiqyaslı beynəlxalq müqavilə, tamamilə yeni sahələri, eləcə də onilliklər ərzində razılaşmanın mümkün olmadığı məsələləri əhatə edən Pakt, hər şeydən əvvəl, beynəlxalq qurumların dəyişən dünya fonunda səmərəli fəaliyyətini təmin etmək məqsədi daşıyır.

BMT-nin Baş katibi Antonio Quterreş bildirib ki, “Biz babalarımızın qurduğu sistemlə nəvələrimiz üçün uyğun gələcək yarada bilmərik”.

Ümumilikdə, paktın qəbul edilməsi üzv ölkələrin Birləşmiş Millətlər Təşkilatına, beynəlxalq sistemə və beynəlxalq hüquqa sadiqliyinin güclü ifadəsidir. Liderlər öz vədlərini yerinə yetirə bilən, müasir dünyanı daha çox təmsil edən və hökumətlərin, vətəndaş cəmiyyətinin, digər əsas tərəfdaşların enerji və təcrübəsindən istifadə edən beynəlxalq sistem haqqında aydın baxışı ortaya qoyurlar.

Antonio Quterreş vurğulayıb ki, Gələcək üçün Pakt, habelə onun ehtiva etdiyi Qlobal Rəqəmsal Saziş və Gələcək Nəsillər haqqında bəyannamə yeni fürsətlərə və istifadə olunmamış imkanlara qapı açır. Bu sənəd bütün xalqlar və millətlər üçün davamlı, ədalətli və dinc qlobal nizamın əsasını qoyacaq.

Sammitdə qeyd edilib ki, Pakt sülh və təhlükəsizlik, davamlı inkişaf, iqlim dəyişikliyi, rəqəmsal əməkdaşlıq, insan hüquqları, gender, gənclər və gələcək nəsillər və qlobal idarəetmənin transformasiyası da daxil olmaqla genişspektrli məsələləri əhatə edir. Bu mühüm sənəddə aşağıdakı müddəalar yer alıb: “1960-cı illərdən bəri Təhlükəsizlik Şurasının islahatına dair ən mütərəqqi və konkret öhdəlik, Şuranın effektivliyini və təmsilçiliyini artırmaq planları, o cümlədən Afrikanın tarixi zəif təmsilçiliyini prioritet kimi aradan qaldırmaq; on ildən artıq müddətdə nüvə tərk-silahına dair ilk çoxtərəfli öhdəlik; kosmosda silahlanma yarışının qarşısını almaq öhdəliyi və kosmosu tənzimləyən beynəlxalq çərçivələri gücləndirmək haqqında saziş; ölümcül avtonom silahlar kimi yeni texnologiyaların tətbiqindən sui-istifadədən çəkinmək və onlara müharibə qanunlarının tətbiq edilməsinin təsdiqi.

Bütün xəbərlər Facebook səhifəmizdə