"Azərbaycan xarici siyasət doktrinasında balanslaşdırıcı siyasətə daha çox üstünlük verir". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert, Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, politoloq Azad Məsiyev deyib.
O bildirib ki, Azərbaycan həm Şərq, həm Qərb, həm Şimal, həm Cənubla siyasi kursunu davam etdirməkdədir: "Azərbaycan Avropa ilə əməkdaşlıq etməkdə maraqlı olan bir dövlətdir. Təəssüflər olsun ki, Azərbaycana qarşı Qərbin qərəzli davranışı bu günə qədər davam etməkdədir. İstər AŞPA olsun, istər ATƏT olsun, istərsə də Avropanın digər institutları olsun Azərbaycana qarşı qərəzli davranışları açıq görünməkdədir. Qərb Azərbaycanla davranışında beynəlxalq hüquq prinsiplərinə deyil, qərəzli olaraq korporativ maraqlardan çıxış edərək davranır. 30 il idi ki, Azərbaycan ərazisi işğal altında idi. Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Bu işğalçılıqla əlaqədar Birləşmiş Millətlər Təşkilatının 4 qətnaməsi var idi. Buna baxmayaraq Avropa Ermənistana "gözünün üstündə qaşın var" demir. Əksinə, ermənilərin işğalçılığına bəraət qazandırılırdı".
"Azərbaycan 44 günlük Vətən savaşından, bir günlük antiterror əməliyyatından sonra defakto öz suverenliyini, ərazi bütövlüyünü təmin etdi. Bundan sonra Azərbaycana qarşı qərəzli davranışlar artmaqdadır. Çünki Azərbaycanın 44 günlük Vətən savaşı Qərbin Cənubi Qafqazda planlarını pozdu. Bu baxımdan Qərbin Azərbaycana qarşı münasibətində qərəzlilik mövcuddur. AŞPA da bu addımları açıq görməkdədir. Avropanın müvafiq institutları Azərbaycanla beynəlxalq hüquq prinsipinə uyğun, ədalətli davranacaqsa, Azərbaycan həmin təşkilatlarla əməkdaşlıq etməyə həmişə hazırdır. Əgər qərəzli davranacaqlarsa, təbii ki, Azərbaycan buna da adekvat cavab verəcək. Ümumilikdə bizi Avropa Birliyində görmək istəmirlər. Bu baxımdan Azərbaycana strateji əməkdaşlığında, Türk Dövlətləri Təşkilatında daha çox üstünlük verilir. Prezident demişkən "bizim evimiz türk dünyası evidir". Bizi Avropada görmək istəmirlər. Belə olan təqdirdə bizə qarşı necə davranırlarsa, ona da adekvat cavab verəcəyik. Amma Avropadan Azərbaycana qarşı hansısa ədalətli davranış gözləmək sadəlövhlük olardı. Açıq şəkildə başda Birləşmiş Ştatlar olmaqla Qərb koalisiyası Cənubi Qafqazda Azərbaycana qarşı qərəzli davranır. Açıq şəkildə Azərbaycana düşmən olan ermənilərin mövqeyindən çıxış edirlər. Bu isə bizim dövlət və milli maraqlarımıza uyğun deyil. Avropadan gələn hər hansı davranışa da Azərbaycan adekvat cavab verəcək" - deyə o, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə