"Qanunvericiliyin tələbləri ev tapşırıqları verilərkən nəzərə alınmalıdır" - AYDINLIQ GƏTİRİLDİ

"Ev tapşırıqları verildikdə, şagirdlərin onları hansı müddətlərdə yerinə yetirməsi imkanları nəzərə alınmalıdır". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib.

O bildirib ki, bu müddətlər 1-ci sinifdə (dərs ilinin ikinci yarısından etibarən) - 1 saata qədər, 2-ci sinifdə - 1,5 saata qədər, 3-cü və 4-cü siniflərdə - 2 saata qədər, 5-ci və 6-cı siniflərdə - 2,5 saata qədər, 7-ci və 8-ci siniflərdə - 3 saata qədər, 9-cu və 11-ci siniflərdə - 4 saata qədər təşkil etməlidir: ""Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 3 avqust 2012-ci il tarixli 171 saylı qərarı var. Həmin qərarda konkret olaraq göstərilir ki, birinci yarımildə ev tapşırıqları verilməsi uyğun görülmür.

Birinci siniflər üçün ev tapşırıqları ikinci yarımildən bir saatı keçməməlidir. İkinci sinifdə 90 dəqiqəni keçməməlidir. Üç və dördüncü siniflərdə 2 saatı keçməməlidir. Beş və altıncı siniflərdə 2 saat yarım, 150 dəqiqəni keçməməlidir. Yeddi və səkkizinci siniflərdə 3 saatı, doqquz və on birinci siniflərdə 4 saatı keçməməlidir.

Biz praktikada görürük ki, valideynlərin istəyi və müəllimlər də şagirdlərə normadan həddindən artıq çox ev tapşırıqları verirlər. Bu ondan irəli gəlir ki, nə müəllimlər, nə valideynlər uşaqların yaş dövrü xüsusiyyətlərini, onların yaş dövrünə uyğun olaraq fizioloji, psixoloji xüsusiyyətlərini bilmirlər. Bir çox hallarda da daha çox tapşırıq vermək, uşağın daha çox dərslə məşğul olması, guya, onun gələcəkdə savadlı olmasına gətirib çıxarır. Əslində beyin yorğunluğuna gətirib çıxarır. Bəzi hallarda da müəllimlər ev tapşırıqlarını çox verməklə və valideynlər tərəfindən də övladlarının əlavə məşğələlərə cəlb olunmasına sövq edirlər. Nəticə etibarilə şagirdlər həm psixoloji, həm fizioloji çətinliklərlə üzləşirlər. Düşünürəm ki, bu məsələ ciddi nəzarətdə olmalıdır. Qanunvericiliyin tələbləri ev tapşırıqları verilərkən nəzərə alınmalıdır".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə