Alik Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib

“Məhsul" stadionu adlanan ərazinin satışı adı altında sahibkarlara məxsus pul vəsaitlərini ələ keçirməkdə təqsirləndirilən Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyev və “Yasamal” idman-sağlamlıq klubunun direktoru Alik Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. SİA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Nadir Əliyev 7 il azadlıqdan məhrum edilib, onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddə tətbiq edilib. Onun barəsində 3 il sınaq müddəti seçilməklə şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıb.

Digər təqsirləndirilən Alik Həsənov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər - Nadir Əliyev və Alik Həsənova Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) və 32.4, 312.2-ci (rüşvət verməyə təkrarən təhrik etmə) maddələri ilə ittiham elan edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə