“Düzgün dini inanca sahib olmaq üçün düzgün mühit olmalıdır” - DİN XADİMİ DANIŞDI

“Dini inanc elə bir məsələdir ki, bu insanın fitrətində olmalıdır. Hər bir insan dini etiqadla yaşayır. Demək olar ki, dinsiz insan yoxdur. Amma insanın dinsiz olmasına səbəb formalaşdığı mühitdir. Düzgün dini inanca sahib olmaq üçün mütləq düzgün mühit lazımdır. Həmçinin bu istiqamətdə insanları savadlandırmaq, maarifləndirmək də çox önəmli məsələdir”. Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, din xadimi Fuad Nurullayev deyib.

O bildirib ki, insanın daxilində dinin bünövrəsi var: “Allah sevgini hər bir insanın qəlbinə qoyub. Lakin sonradan həmin sevgini körəltmək və ya əksinə alovlandırmaq insanın yiyələndiyi bilik və olduğu mühitdən asılı olur. Düzgün insan bu sahədə savadlanarsa və elm öyrənərsə bu zaman düzgün inanca da sahib olacaq. Bu günə qədər Bakı İslam Universitetinin sözügedən sahədə fəaliyyəti mövcud idi. 2018-ci ildən etibarən isə artıq Azərbaycan İlahiyyət İnstitutu təsis edildi və buraya qəbul başlandı. Aİİ günümüzdə Azərbaycan insanına dini savad və bilik vermək üçün istər islamşünaslıq, istərsə də dinşünaslıq sahəsində fəaliyyətini davam etdirir. Orada təhsil alan tələbələrin biliyə yiyələnməsi üçün Aİİ əlindən gələni əsirgəmir. Azərbaycanın demək olar ki, bütün bölgələrindən Aİİ-də təhsil alan tələbələr var. Onlara dərs deyən insanlar fərqli ölkələrdə təhsil alsalar belə, tamamilə Azərbaycan insanıdır.

Biz evdə böyüyən övladlarımıza düzgün dini bilik verməliyik. Çünki insan orta məktəbə qədər ailəsində formalaşır, valideynləri ona müxtəlif məsələlər üzrə təlim verir. Buna görə də hər birimiz boynumuzda olan bu haqqı övladlarımıza düzgün formada çatdırmalı və onları düzgün istiqamətləndirməliyik”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə