"Azadlıq prospekti” metrostansiyasından avtobusla Sumqayıta getmək mümkün olub

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) "Bakı Metropoliteni" QSC-nin "Azadlıq prospekti” stansiyasından Sumqayıt şəhərinə avtobus reysi təşkil edib. SİA AYNA-ya istinadən xəbər verir ki, “Azadlıq prospekti”ni Sumqayıtın Sülh küçəsi ilə əlaqələndirən 123 nömrəli müntəzəm marşrut xətti üzrə gündəlik 15 avtobus sərnişinlərə xidmət göstərir.

Bakı şəhərindən Sumqayıt şəhəri və Abşeron rayonunun müxtəlif ərazilərinə müntəzəm avtobus marşrutları ilə gündəlik təqribən 80 minə yaxın sərnişin daşınır.

Hazırda Bakı şəhərinin istənilən ərazisindən avtobus və metro vasitəsilə “Avtovağzal” stansiyasına və Beynəlxalq Avtovağzal Kompleksinin Nəqliyyat Mübadilə Mərkəzinə (HUB) getmək mümkündür. HUB-dan Bakı və Sumqayıt şəhəri və Abşeron rayonunun müxtəlif istiqamətlərinə 27 marşrut üzrə 260-dan çox avtobusla sərnişin daşımaları həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə