"Qarabağ və Xankəndi regionun elm mərkəzlərinə çevriləcək” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Azərbaycan Prezidentinin Xankəndində Qarabağ Universitetinin açılışını etməsi dünənə qədər ermənilər tərəfindən terror və separatçılıq yuvasına çevrilən şəhərimizin bu gün elm və təhsil şəhərinə çevrilməsinin göstəricisi kimi qəbul edilməlidir. Eyni zamanda Azərbaycanın suverenliyinin bərpasının bir daha nümayiş etdirilməsidir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.

O bildirib ki, harada elm, təhsil, intellekt, yaradıcılıq varsa, orada da sülh var: “Biz tariximiz şəhərimiz Xankəndinə yenidən tarix missiyasına qovuşaraq, Qarabağ və bütövlükdə Azərbaycanın elm ocaqlarından birinə çevrilməsinə nail olduq.

Azərbaycan Prezidenti Qarabağ Universitetindəki çıxışında ölkəmizdə elm və təhsilin inkişafı ilə bağlı çox mühüm məsələlərə toxundu. Lakin hər şeydən öncə elm, təhsil, cəmiyyət, sosial münasibətlərin də inkişaf etməsi ölkənin gücünün və suveren hüquqlarının olmasının vacibliyini bir daha vurğuladı. Əgər dövlət güclü olmursa, hər hansı bir ərazi nəzarətindən çıxırsa, o terrorçuların məskəninə çevrilir. Şübhəsiz ki, hazırki tarixi mərhələdə Azərbaycan Prezidenti gücün elm və təhsildə olduğunu bir daha Xankəndində Qarabağ Universitetində çıxışı zamanı vurğulayaraq, bu konteksdə universitetin tələbələrinin üzərinə böyük vəzifələr düşdüyünü qeyd etdi.

Dövlət başçısı iki mühüm məsələyə də toxundu. Bunlardan biri gənclərin milli ruhu, ikincisi isə vətənpərvərliyi mövzusu idi. Bu konteksdən Azərbaycanın ailə institutu və məktəb sisteminin fəaliyyətini yüksək qiymətləndirdi. Azərbaycan Prezidenti qeyd etdi ki, təhsilin də, tərbiyənin də ilk mənbəyi ailə, daha sonra isə məktəb və cəmiyyətdir. Bütövlükdə dövlət başçısının çıxışından da göründüyü kimi Qarabağ və Xankəndi təkcə Azərbaycanın deyil, regionun elm mərkəzlərinə çevriləcək”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə