20 sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günü TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: "Hər bir addım əvvəlki addımın məntiqi davamı idi və hər bir addımın son məqsədi 20 Sentyabr - Dövlət Suverenliyi Günü idi"

Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməyib. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.

Belə ki, 2024-cü il sentyabrın 19-da Prezident İlham Əliyev Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, Ermənistan Respublikası 1990-cı illərin əvvəllərindən başlayaraq Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq Azərbaycan Respublikasına qarşı işğalçılıq siyasəti həyata keçirmiş və hərbi gücdən istifadə edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini işğal etmişdi. Ermənistanda və işğal olunmuş Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə aparılıb, insanlıq əleyhinə cinayətlər və hərbi cinayətlər nəticəsində şəhər və kəndlərimiz viran edilib, ölkəmizin təbii resursları talan olunub, dövrümüzün ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı törədilib. Ermənistanın yeni işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın edib və tarixi Zəfər qazanıb. Azərbaycan öz torpaqlarını 30 illik işğaldan azad edərək ərazi bütövlüyünün bərpasına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail olub.

2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanılıb. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirib. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilib. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır. Prezident İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğunu və Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpa edildiyini nəzərə alaraq, hər il sentyabrın iyirmisinin Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilməsini qərara alıb.

DÖVLƏTİMİZİN İRADƏSİNİN VƏ PRİNSİPİALLIĞININ NÖVBƏTİ GÖSTƏRİCİSİ

Bəli, bu günü sox gözləmişik və qürurla, böyük ümidlə gözləmişik. Artıq bu gün gözlədiyimiz gün – suverenliyimiz tam bərpa olundu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən, qətiyyətli siyasəti nəticəsində ərazi bütövlüyümüz və dövlət suverenliyimiz tam təmin edildi. Prezident İlham Əliyev hər zaman bəyan edirdi ki, Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaradılmasına heç vaxt icazə verilməyəcək. 44 günlük hərbi əməliyyatlar nəticəsində diz çökərək kapitulyasiya aktı imzalamış Ermənistan, eləcə də Qarabağda olan separatizmin qalıqları nə bu bəyanatlardan, nə də müharibədən dərs çıxarmaq fikrində idi.

Prezident İlham Əliyev Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə söyləyib: "Əgər 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər bizim addımlarımızı və gördüyümüz işləri təhlil etsəniz görərsiniz ki, "Hər bir addım əvvəlki addımın məntiqi davamı idi və hər bir addımın son məqsədi 20 Sentyabr - Dövlət Suverenliyi Günü idi".

44 GÜNLÜK İKİNCİ QARABAĞ MÜHARİBƏSİ VƏ ONDAN ÜÇ İL SONRA- 2023-CÜ İLİN 19-20 SENTYABR TARİXLƏRİNDƏ SİLAHLI QÜVVƏLƏRİMİZİN HƏYATA KEÇİRDİYİ ANTİTERROR TƏDBİRLƏRİ NƏTİCƏSİNDƏ SUVERENLİYİMİZİN TAM BƏRPA OLUNMASI BİR DAHA ERMƏNİSTANA VƏ ONA HAVADARLIQ EDƏN DÖVLƏTLƏRƏ NÜMAYİŞ ETDİRDİ Kİ, SONDA ZƏFƏR ÇALAN YALANLAR DEYİL, REAL FAKTLARA, TARİXİ HƏQİQƏTLƏRƏ SÖYKƏNƏN SİYASƏT OLUR

Göründüyü kimi, 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəmiz, ondan üç il sonra- 2023-cü ilin 19-20 sentyabr tarixlərində Silahlı Qüvvələrimizin həyata keçirdiyi antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa olunması bir daha Ermənistana və ona havadarlıq edən dövlətlərə nümayiş etdirdi ki, ədalət və beynəlxalq hüquq deyilən məfhumlar mövcuddur, ən əsası sonda zəfər çalan yalanlar deyil, real faktlara, tarixi həqiqətlərə söykənən siyasət olur. Dövlət başçımız İlham Əliyev cənablarının son 20 illik prezidentlik fəaliyyəti zamanı reallığa çevirdiyi bütün uğurların şahidləriyik. 20 il öncə xalqımız etimad mandatı verərək özünə Prezident seçdiyi İlham Əliyevə inandı, güvəndi və səbirlə gözlədi. Sözü imzası qədər keçərli olan Azərbaycan Prezidenti tam müstəqil siyasəti ilə 20 ildə Ermənistanı dünyada işğalçı dövlət kimi tanıda bildi. Bununla bağlı beynəlxalq təşkilatlarda qətnamələrin, bəyanatların qəbul olunmasına nail oldu. Amma işğalçının havadarları imkan vermədilər ki, münaqişə sülh yolu ilə tənzimlənsin və Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını geri qaytarsın.

Sözsüz ki, Prezident İlham Əliyev bütün bunları görürdü və yaxşı bilirdi ki, işğalçı ölkə keçmiş status-kvonu qorumaq üçün havadarlarından aldığı tapşırıqların icrasını təmin edir. Keçmiş münaqişənin həlli istiqaməti üzrə yaradılan ATƏT-in tarixin arxivinə göndərilən Minsk qrupunun da xristian təəssübkeşliyi ikili standartların tətbiqini şərtləndirirdi. Məhz uzaqgörən Lider kimi Prezident İlham Əliyev ordumuzun gücünü gündən-günə artırdı. Ən müasir silahlar alındı, gənc nəslin vətənpərvərlik ruhunun yüksəlməsi istiqamətində çox mühüm işlər görüldü. Zaman yetişdi, Azərbaycanın səbir kasası daşdı və 2020-ci ildə Vətən müharibəsində İlham Əliyevin "Dəmir yumruq" əməliyyatı ilə cəmi 44 günə Ermənistan diz çökdürüldü. Xalqın yurd həsrətinə son qoyuldu. Dünya Azərbaycanın gücünə, qüdrətinə şahidlik etdi.

Azərbaycan Prezidentinin 2021-ci il iyulun 7-də imzaladığı Fərman əsasən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması ilə tarixi ədalət bərpa edilmiş oldu. Nəticədə İkinci Qarabağ müharibəsi son yüz ildə şərəf və qəhrəmanlıq salnaməsi kimi Azərbaycan tarixinə yazıldı. Bu gün üçrəngli müqəddəs bayrağımız Azərbaycanın bütün işğaldan azad edilmiş ərazilərində - Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Laçında, Ağdamda, Şuşada, Xocavənddə, Hadrutda, Ağdərədə, Xocalıda və Xankəndidə qürurla dalğalanır.

Nəhayət, 2023-cü il sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri antiterror tədbirləri keçirərək separatçıları 23 saat ərzində məhv etdi. Bunun ardınca qondarma qurum ləğv edildi və oktyabrın 15-də tariximizdə daha bir şanlı səhifə açıldı.

"DÜNYADA DA BİLİRLƏR Kİ, XANKƏNDİ ŞƏHƏRİ QƏDİM AZƏRBAYCAN YAŞAYIŞ YERİ OLUB, ONUN ADI ONU GÖSTƏRİR - XANIN KƏNDİ"

Bir sözlə, 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başladıq. Çünki müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən başlayır. Dövlət başçısı İlham Əliyev Qarabağ Universitetinin müəllim və tələbəbə-heyəti ilə görüşündə onu da vurğuladı ki, bu günü, Dövlət Suverenliyi Gününü biz birlikdə Xankəndidə qeyd edirik və əminəm ki, 20 Sentyabr bundan sonra Azərbaycanda geniş qeyd ediləcək: "Biz birlikdə Xankəndidə qeyd edirik və əminəm ki, 20 Sentyabr bundan sonra Azərbaycanda geniş qeyd ediləcək".

"Düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa edib. Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi", - dövlət başçımız vurğulayıb.

Bəli, Prezident, Ali Baş Komandanımız İlham Əliyevin dirlomatik və qətiyyətli siyasəti ilə son dörd ildə xalqımızın hüzn tarixləri bayram günləri ilə əvəz edilib. Və Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi.

Prezident İlham Əliyev görüşdə Azərbaycan tarixindən geniş bəhs etdi və real faktlara, tarixi həqiqətlərə söykənərək mühüm məqamları Xankəndindən bütün dünya ictimaiyyətinə çatdırdı. Bir daha bəyan edilidi ki, Xankəndi bizim tarixi torpağımızdır. Bunu Azərbaycanda bilməyən yoxdur. Dünyada da bilirlər ki, Xankəndi şəhəri qədim Azərbaycan yaşayış yeri olub, onun adı onu göstərir - Xanın kəndi. XIX əsrin əvvəlində bağlanmış "Kürəkçay", "Gülüstan" və "Türkmənçay" müqavilələrinin faktiki olaraq sonrakı işğalı da şərtləndirdiyini xatırladan dövlətimizin başçısı qeyd etdi ki, çünki heç vaxt Qarabağ torpağında yaşamayan ermənilərin bu müqavilələrdən sonra İrandan və Şərqi Anadoludan kütləvi surətdə buraya köçürülməsinə başlanıldı. Bu, həqiqətdir, bu, dəqiq tarixdir. Sadəcə olaraq, Ermənistan və erməni alimləri hər zaman olduğu kimi, tarixi təhrif edərək yeni uydurma tarix yaratmağa çalışırdılar və öz lobbi şəbəkələri vasitəsilə müəyyən dərəcədə beynəlxalq ictimaiyyəti də çaşdırmağa nail olublar.

Göründüyü kimi, Prezident İlham Əliyevin 20 illik hakimiyyəti Azərbaycanın dövlət müstəqilliyi və suverenliyinə uzanan, ölkəni qarışdıran əlləri kəsdi. Azərbaycanın qanayan yüzillik yarası sağaldı...Bir sözlə, bu gün bütün işğaldan azad olunan torpaqlarımızda dalğalanan üçrəngli bayrağlarımız hər birimiz üçün xoşbəxtlik, fərəh, qürur, ləyaqət, fəxarət salnaməsidir. Dövlət başçımızın söylədiyi kimi: "Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu qələbəyə layiqik. Azərbaycan xalqı bu qələbəni öz qanı-canı bahasına əldə etmişdir"

Bir sözlə, Müzəffər Ali Baş Komandanın bu tarixi əhəmiyyətli fikirləri hər bir azərbaycanlıya şərəf, qürur hissi yaşatdı. Dövlət başçımızın məhz Dövlət Suverenliyi Günündə Xankəndiyə səfər etməsi, Qarabağ Universitetinin ilk müəllim, tələbə heyəti qarşısında çıxışı Zəfərin növbəti təntənəsi olmaqla yanaşı, həm də bu qərar müstəqil Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası uğrunda canlarından keçmiş əziz şəhidlərimizin unudulmaz xatirəsinə dərin ehtiramın növbəti ifadəsidir. Eyni zamanda başçımızın bu Sərəncamı tarixi Zəfərimizi həzm edə bilməyən və antiterror əməliyyatının legitimliyini şübhə altına almağa çalışan məkrli dairələrə əbədi xatırlatma mesajıdır. Beləliklə də, bütün dünya bir daha Azərbaycanın gücünə, Prezident İlham Əliyevin qətiyyətinə şahidlik etdi. Çünki haqlı da bizik, güclü də!

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə