“ABŞ yenidən bu münaqişənin körüklənməsində maraqlı görünür” - ŞƏRH EDİLDİ

“Təəssüf ki, Qərb dairələrində, ABŞ konqresində Azərbaycana qarşı məkirli və ikiüzlü siyasət davam etməkdədir, Qarabağ münaqişəsi qapandığı bir dönəmdə süni şəkildə keçirdikləri insan haqları adı altında dinləmələr vasitəsi ilə “Qarabağ məsələsi”ni yenidən gündəmə gətirməyə cəhd edərək Azərbaycana təzyiqləri artırmaq istəyirlər. Bununla seçki öncəsi demokratlar ABŞ-da ermənilərə öz “dəstəyini” nümayiş etdirərək əlavə səslər qazanmağa, digər tərəfdən separatçı rejimin qalıqlarını Vaşinqtona gətirməklə yenidən bu məsələni gündəmdə saxlamağa çalışırlar. Bununla məqsəd Bakıya qarşı təzyiqləri artırmaq, Cənubi Qafqazda mövcudluğunu qoruyub saxlamağa yönəlib”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib.

O bildirib ki, dünyada, hətta Ermənistan tərəfindən belə tanınmayan hansısa separatçı bir Artsaxın rəsmi nümayəndəsini öz ölkəsində konqresə dəvət edərək dinləmələrdə ona yer vermək beynəlxalq miqyasda separatçılığı dəstəkləmək anlamına gəlir: “Azərbaycan beynəlxalq hüquq çərçivəsində öz ərazisində separatizmə son qoydu, bununla münaqişə başa çatdığı bir dönəmdə ABŞ yenidən bu münaqişənin körüklənməsində, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarında qalmasında maraqlı görünür. Məhz buna görə ATƏT bir struktur kimi Minsk qrupunu öz tərkibində saxlayıb, çünki yenindən Qarabağ məsələsinin gündəmə gəlməsini istəyirlər. Qarabağda yaşayan ən böyük sayda əhali Azərbaycan əhalisi-icması olub, lakin onların hüquqlarının müdafiəsi ilə bağlı ABŞ konqresində biz heç zaman dinləmələrin keçirilməsinin şahidi olmamışıq. Demək ki, ABŞ Konqresi və Qərb üçün insan haqları məsələsi bir siyasi təzyiq vasitəsidir və bu alətdən üçüncü ölkələrə qarşı istifadə olunur. Ermənistandan deportasiya olunmuş yüz minlərlə Azərbaycanlı əhalinin hüquqları ilə bağlı biz nədənsə ABŞ tərəfdən belə bir dinləmələrin keçirilməsinin şahidi olmadıq və bu məsələdə ABŞ tərəfdən, ATƏT ölkələri tərəfindən Ermənistana ciddi bir təzyiq göstərilmir".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə