"Əli Kərimli uşaq evi haqqında heç vaxt danışmayacaq" - MÜNASİBƏT BİLDİRİLDİ

“Əli Kərimli özünü hakimiyyət uğrunda mübarizə aparan siyasi partiya lideri kimi deyil, bir blogger kimi aparır. Hansısa gündəmdə olan narahatlığı o özünün partiyasının siyasi xətti kimi elan edir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Deputat sözlərinə belə davam edib: “Bir vaxtlar “Hanı hakimiyyət? niyə bir kəndi azad etmir?” deyirdi. Həmin dövrdə “Əli Kərimli öz bloqundan niyə Xankəndi əlimizin altında olduğuna görə ora girmir. Hakimiyyət qorxurmu?” deyə səslənirdi. Ancaq bir günlük antiterror əməliyyatında Azərbaycan ərazi bütövlüyünü təmin etdi və bugün isə Əli Kərimli uşaq evlərinin birində olmuş bir insidentlə bağlı özünü uşaq hüquqlarının müdafiəçisi kimi göstərir. Nədənsə Əli Kərimli heç vaxt uşaq hüquqlarının müdafiəsinə dair bir fikir də bildirməyib.

30 illik işğal dövründə çadır şəhərciyində yaşayan uşaqların vəziyyəti, onların təhsili, səhiyyəsi məsələsində Əli Kərimlinin səsini eşitməmişik. Yeni uşaq bağçalarının tikintisi, universitetlərin açılması barədə Əli Kərimlinin fikrini eşitməmişik. Ombudsmanın uşaq hüquqları ilə bağlı hesabatına da heç vaxt Əli Kərimli münasibət bildirməyib. Bəli, bugün Bakıdakı uşaq evlərinin birində insident olduğu bildirilir. Bununla müvafiq orqanlar məşğuldurlar və yəqin ki nəticəsi barəsində məlumat veriləcək. Nəinki o, yəqin ki o birisi uşaq evlərindəki də vəziyyət araşdırılır və ümumən belə halın baş verməməsi üçün bir mexanizm yaradılması heç kəsdə şübhə doğurmasın. Ancaq görünən bundan ibarətdir ki, müxalifət liderlərinin biri nə dövlətin, nə xalqın əsas məsələləri barəsində heç vaxt danışmır, susmağa üstünlük verir. Heç vaxt beynəlxalq təşkilatları, xarici dövlətləri Qarabağ məsələsi barəsində hərəkət etməyə çağırmayıb, heç vaxt bir şəhidin belə yas mərasimində iştirak etməyib, heç vaxt dövlətin şəhid ailələri, qazilərin, veteranların problemlərinin həlli ilə bağlı gördüyü işə münasibətini bildirməyib.

O gözləyir ki hansısa bir insident baş versin və həmin insidenti özünün fəaliyyətinin əsas məqsədinə çevirsin. Bu artıq bloggerlikdir, bu artıq hansısa baş vermiş hadisədən özü üçün siyasi xal yığmaqdır. Əli Kərimli bugün bununla gündəmdə qalmaq istəyir. Niyə o dövlət suverenliyi günü ilə bağlı mövqe bildirmədi? Niyə Əli Kərimlinin Xankəndində Nizami Gəncəvi adına 4 saylı orta məktəbin fəaliyyətə başlaması və artıq 276 şagirdin orada təhsil almasını gündəmə gətirmədi? Niyə bugün məktəblərin müasir səviyyədə tikilməsi onun diqqətində deyil? Niyə cənab Prezidentin müharibə veteranlarının təhsil haqqının dövlət hesabına ödənilməsi, eyni zamanda təhsil krediti fondunun yaradılması məsələsinə toxunmur? Bu bir daha göstərir ki, Azərbaycan dövləti Əli Kərimli və o sayaq insanların hay-küyü ilə deyil, əksinə cəmiyyətin real problemləri ilə məşğuldur, onları həll edir, gələcəyə planlar qurur, hardasa bir hadisə baş verirsə onu tez diqqətə götürərək o məsələnin həll edilməsinə çalışır. İnanıram ki, həmin Əli Kərimlinin bugün gündəmdə qalmaq üçün toxunduğu uşaq evində problem həll ediləcək, orada vəziyyət qaydasına düşəcək. Amma Əli Kərimli bundan sonrakı bəyanatlarda vəziyyəti qaydasına düşmüş uşaq evi haqqında heç vaxt danışmayacaq”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə