"Münasibətlərdə hiss olunan gərginlik sadəcə illüziyadır" - MÜNASİBƏT BİLDİRİLDİ
"Hər zaman demişəm və indi də qeyd etmək istəyirəm ki, Ermənistanla Rusiya münasibətlərində hiss olunan gərginlik sadəcə illüziyadır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.
O bildirib ki, bu gərginlik hər iki ölkənin maraqlarına cavab verdiyi üçün davam etdirilir: "Məsələ burasındadır ki, Ermənistanın Rusiyadan asılılıq səviyyəsi o qədər yüksəkdir ki, hətta Paşinyan istəsə belə indiki şərtlər daxilində Rusiya ilə münasibətlərə son qoya bilməz. Sadəcə ara-sıra Rusiyaya qarşı hansısa bəyanatlar verərək birincisi, Qərbdən gələ biləcək təzyiqi neytrallaşdırır, ikincisi isə, Rusiyadan gələ biləcək “təhlükə” bəhanəsilə Qərbdən həm silah və texnika, həm də külli miqdarda maliyyə vəsaiti alır. Ermənistan rəhbərliyinin anti-Rusiya bəyanatları isə elə bəyanat səviyyəsində də qalır. Ermənistanın hələ də KTMT və Avrasiya İqtisadi İttifaqının üzvü qalması, Ermənistan ərazisində hələ də Rusiya hərbi bazalarının mövcudluğu, Ermənistanın ən iri dövlət şirkətlərinin, dəmir yollarının hələ də Rusiyanın balansında olması bunun bariz sübutudur. Ermənistanın Rusiyaya qarşı bəyanatdan əmələ keçən yeganə addımı hava limanından 15-20 əsgərin çıxarılmasıdır ki, onların da böyük əksəriyyəti erməni millətindən olan Rusiya vətəndaşları olublar.
Rusiya ilə Ermənistan arasında münasibətlərdə ciddi gərginliyin olmaması iki dövlət arasında iqtisadi münasibətlərdə və ticarət dövriyyəsində də özünü göstərir. Ermənistanın Rusiyaya olan ticarət dövriyyəsində əhəmiyyətli dərəcədə artım müşahidə olunur. Ticarət dövriyyəsindəki bu artım Avropa İttifaqının 2022-ci ildə Rusiyaya qarşı sanksiyalara başlamasından sonra müşahidə edilir. Maraqlı məqam isə Ermənistanın bu artımın kökündə Avropa İttifaqından aldığı məhsulları Rusiyaya satması dayanır. Bu isə Avropanın sanksiyalarını faktiki olaraq nəzərə almamağa bərabərdir".
"Ermənistanın açıqladığı rəsmi statistikaya əsasən, 2024-cü ilin yanvar-iyul aylarında Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi 9 milyard ABŞ dollarına çatıb ki, bu da təkcə ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur. Rusiya Baş nazirinin müavini Aleksey Overçuk da Rusiya və Ermənistan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın həmsədrlərinin görüşündə 2024-cü ildə iki ölkə arasındakı ticarət dövriyyəsinin 14-16 milyard ABŞ dolları arasında dəyişəcəyini deyib. Bu o deməkdir ki, bu il ərzində Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi 2022-ci ilədək olan 2,6 milyard ABŞ dollarından 6 dəfə, yəni 600 faiz çox olacaq. Bununla yanaşı, ixrac əməliyyatları 841 milyon ABŞ dollarından 2023-cü ildə 3,4 milyard ABŞ dollarınadək artıb. Beləliklə bu rəqəmlər özü də Ermənistanla Rusiya arasında gərgin münasibətlərin olmadığının göstəricisidir. Hər iki ölkə bir-birindən bəhrələnir. Əks halda Rusiya əlində olan iqtisadi təsir imkanlarını çoxdan işə sala və nəticədə Ermənistanı qısa vaxt ərzində dizə gətirərdi. Amma biz bunların heç birini müşahidə etmirik. Ermənistanın Rusiya əleyhinə bəyanatdan o yana keçməyən davranışlarına elə Rusiya da ancaq bəyanatlar verməklə kifayətlənir. Hələ üstəlik bu il ərzində Rusiyadan Ermənistana silah tədarükü də bərpa olunub. Buraya məhz Putinin təklifi ilə Avrasiya İqtisadi ittifaqının son toplantısında Ermənistana yüz milyon dollar yardım ayrılmasını da əlavə etdikdə mənzərə tam aydın olur.
Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan Rusiya ilə gərgin münasibətlər fonu yaratmaqla əslində həm də Qərbdən faydalanır. Ara-sıra Rusiya ilə bağlı müsbət bəyanatlar verdikdə isə Qərbə daha çox dəstək verilməsi üçün mesajlar ötürmüş olur" - deyə o, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə