Çiy yumurta yeməyin orqanizmə hansı təsirləri var? - EKSPERT AÇIQLADI

Günə enerjili başlamaq və orqanizmi güclü saxlamaq üçün qidalanmaya xüsusi diqqət yetirmək vacibdir. Bu məqsədlə bir çox insanlar təbii zülal mənbəyi kimi yumurtaya üstünlük verir. Xüsusilə idmançılar arasında çiy yumurta içmək vərdişi geniş yayılıb və bu üsulun əzələlərin bərpası üçün daha effektiv olduğuna inanılır.

Bəs, görəsən, çiy yumurta yeməyin orqanizmə hansı təsirləri var?

Məsələ ilə bağlı qida üzrə mütəxəssis Asim Vəliyev SİA-ya açıqlamasında bildirib ki, yumurta zəngin zülal qaynağıdır:

"Bir ədəd yumurtada təxminən 6-7 qram zülal var. Zülal əzələlərin bərpası, toxumaların yenilənməsi və immun müdafiə üçün vacibdir. Amma nəzərə alaq ki, zülalın mənimsənilməsi bişmiş yumurtada daha yüksəkdir. Çiy yumurtada isə xeyli aşağıdır. Ancaq yumurta tərkibində olan bəzi istiliyə həssas maddələr olan B qrupu vitaminləri, fol turşusu, lutein bişirmə zamanı bir qədər azalır. Bu səbəbdən bəziləri çiy yumurtanı təbii kompleks kimi görür. Ancaq fərq böyük deyil.

Yumurta qayandıldıqda bu qida maddələrinin əhəmiyyətli hissəsi qalır. Çiy və ya yarıbişmiş yumurtada salmonella bakteriyasının olma ehtimalı var. Yoluxma 6-72 saat ərzində qızdırma, qarın ağrısı, qusma, ishala səbəb ola bilər. Əsasən də risk qrupunda olan uşaqlar, hamilələr, yaşlılar və immun sistemi zəif olanlar üçün bu risk ciddidir. Ümumiyyətlə yumurtanın çiy qəbul tövsiyə olunmur. Çiy yumurtadakı zülal bişmiş yumurtaya nisbətən daha çətin həzm olunur. Çiy yumurtanın ağında olan avidin uzunmüddətli və çox miqdarda qəbul edildikdə biotin çatışmazlığına gətirə bilər. Yumurta çiy olduqda mədədə daha gec həzm olunur. Bəzi insanlarda köp, ürəkbulanma, qarında diskomfort yarada bilər. Həmçinin yumurta allergiyası olanlarda reaksiya riski mövcuddur".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə