Elektrikli avtomobillərin qiyməti artacaq? - EKSPERT AÇIQLADI

"Son illərdə dünyada ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin, xüsusilə də elektriklə işləyən avtomobillərin geniş yayılması müşahidə olunur. Bu tendensiya Azərbaycanın avtomobil bazarına da təsirsiz ötüşməyib". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.

Onun sözlərinə görə, "ekoloji il” çərçivəsində ölkədə bir sıra təşviqedici tədbirlər həyata keçirilib: "Elektrik avtomobillərinin alışı və satışı ilə bağlı müxtəlif kampaniyalar təşkil olunub, bu sahədə ixtisaslaşmış satış mərkəzləri və servis xidmətləri yaradılıb. Bununla yanaşı, texniki xidmət infrastrukturu – yəni servis mərkəzlərinin, şarj stansiyalarının və ehtiyat hissələri bazasının inkişaf etdirilməsi istiqamətində də mühüm addımlar atılıb. Mediada və sosial platformalarda aparılan reklam və maarifləndirmə kampaniyaları nəticəsində elektrik avtomobilləri geniş ictimaiyyət arasında daha çox tanınmağa başlayıb. Bu isə öz növbəsində bazarda tələbin artmasına, qiymətlərin nisbətən sabitləşməsinə və rəqabət mühitinin formalaşmasına səbəb olub.

Azərbaycanın idxal etdiyi elektrik avtomobillərinin əsas hissəsi Çin, Yaponiya və Cənubi Koreya istehsalçılarının məhsullarıdır. Bu ölkələr arasında xüsusilə Çin istehsalçıları daha münasib qiymət və müxtəlif model seçimi ilə fərqlənirlər. Çin şirkətləri təkcə ucuzluq deyil, həm də batareya texnologiyası və enerji səmərəliliyi baxımından ciddi irəliləyişlər əldə ediblər. Bu da Azərbaycan alıcısı üçün real və əlçatan bir alternativ yaradıb. Ölkə bazarında Çin istehsalı olan elektrik avtomobillərinin payı sürətlə artıb və bu avtomobillər artıq bir çox istehlakçı üçün həm iqtisadi, həm də ekoloji cəhətdən sərfəli seçimə çevrilib. Bu inkişaf eyni zamanda ölkədə yeni iş yerlərinin açılmasına, servis və texniki xidmət sektorunun genişlənməsinə, eləcə də enerji səmərəliliyinə yönəlmiş siyasətin möhkəmlənməsinə təkan verir".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə