Kamerunda prezident seçkilərindən sonra gərginlik davam edir

Kamerun Konstitusiya Şurası hazırkı prezident Pol Biyanın seçkilərdə qalib gəldiyini elan etdikdən sonra ölkənin bir çox bölgəsində gərginlik artıb. Duala və Qarua şəhərlərində etirazlar və toqquşmalar qeydə alınıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Kamerunun iqtisadi paytaxtı Dualada nümayişlərdən sonra vəziyyət daha da pisləşib. Rəsmilərin məlumatına görə, toqquşmalar nəticəsində dörd nəfər həyatını itirib. Bu gün səhərdən etibarən “New Bell” məhəlləsi tam blokadaya alınıb – ordu və polis giriş-çıxışı məhdudlaşdırıb, küçələrdə siqnal səsləri eşidilir və patrul maşınlarının sayı artırılıb.

Hüquq-mühafizə orqanlarının qüvvələri etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər. Gənclərin bir qismi məhəllə küçələrində barrikadalar qurub. Küçələrdə polislə gənc nümayişçilər arasında qarşıdurmalar davam edir.

Hakimiyyət orqanları ölkənin şimal və qərb bölgələrində əlavə təhlükəsizlik qüvvələrinin yerləşdirildiyini açıqlayıb. Rəsmilər sakinləri sakit olmağa çağırır, lakin sosial şəbəkələrdə yayılan görüntülər təhlükəli vəziyyətin hələ də davam etdiyini göstərir.

Qırx üç ildir hakimiyyətdə olan və 92 yaşının olmasına baxmayaraq yenidən - səkkizinci dəfə Kamerunun 7 il müddətinə Prezidenti seçilmiş Pol Biya hazırda etirazların daha da genişlənməməsi üçün ordu və polis qüvvələrinin tam səfərbər edildiyini açıqlayıb.

Bununla belə, müşahidəçilər xəbərdarlıq edirlər ki, Duala və Qarua şəhərlərindəki gərginlik ölkə miqyasında daha geniş sosial və siyasi böhranın başlanğıcı ola bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə