“Bu iki qardaş ölkə arasında münasibətlərin başlanğıcı kimi qiymətləndirilə bilər” - ŞƏRH EDİLDİ
“Cənab Prezident İlham Əliyevin Qazaxıstana rəsmi səfəri iki qardaş ölkə arasında münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Aytən Qurbanova deyib.
Onun sözlərinə görə, səfər çərçivəsində imzalanan sənədlər, keçirilən görüşlər və aparılan danışıqlar bir daha təsdiq etdi ki, Azərbaycan–Qazaxıstan strateji tərəfdaşlığı tarixi, etnik və mənəvi birliyə, eləcə də qarşılıqlı etimada əsaslanan möhkəm təməllər üzərində qurulmuşdur:
”Prezident İlham Əliyevin bu səfəri və dövlət başçılarının qarşılıqlı etimad və hörmət ruhunda keçirdikləri müzakirələr iki ölkənin beynəlxalq və regional məsələlərdə bir-birini dəstəklədiyini bir daha aydın və konkret şəkildə nümayiş etdirən önəmli hadisədir. Siyasi müstəvidə əlaqələrin möhkəmlənməsi regional təhlükəsizliyin, sabitliyin və davamlı inkişafın təmin olunması nöqteyi-nəzərindən mühüm əhəmiyyət daşıyır. Qazaxıstanla münasibətlərin genişləndirilməsi Azərbaycanın Mərkəzi Asiya siyasətinin əsas prioritetlərindən biri olmaqla yanaşı, Türk dünyasında birliyin və inteqrasiyanın möhkəmlənməsinə də xidmət edir. Səfər çərçivəsində bir sıra mühüm sənədlər imzalanmışdır ki, Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanmasının 20 illiyi münasibətilə Birgə Bəyanatı”nı, “Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının Ali Dövlətlərarası Şurasının ikinci iclasının ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə dair 1 saylı Qərarı”nı və “Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının Ali Dövlətlərarası Şurasının ikinci iclasının Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının Xarici İşlər Nazirləri Şurası haqqında Əsasnamənin təsdiq edilməsi barədə 2 saylı Qərarı” xüsusi qeyd olunmalıdır. Bu sənədlər iki ölkə arasında əməkdaşlığın siyasi, iqtisadi, humanitar və mədəni istiqamətlərdə institusional əsaslarının möhkəmlənməsini təmin edir. Eləcə də, bu hüquqi baza qarşılıqlı öhdəliklərin icrasında sabitliyi və davamlılığı qoruyaraq əlaqələrin daha sistemli, planlı və strateji əsaslarla inkişafına şərait yaratmağı hədəfləyir.
Heç şübhəsiz ki, Azərbaycan və Qazaxıstan arasında mədəni-humanitar əməkdaşlığın inkişafı xalqlarımızı birləşdirən mənəvi və tarixi bağların gücləndirilməsinə xidmət edir. Həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən ortaq təşəbbüslər iki ölkə arasındakı münasibətləri çoxtərəfli əməkdaşlıq müstəvisinə daşıyır. Bu həm Türk dünyasının birliyi və həmrəyliyi, həm də Avrasiya regionunda sülh və sabitliyin möhkəmlənməsi nöqteyi-nəzərindən əhəmiyyətli addımdır. Nəticə etibarilə, Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq münasibətlərinin bugün yeni inkişaf mərhələsinə qədəm qoyduğunu əminliklə ifadə etmək mümkündür. Prezident İlham Əliyevin Qazaxıstana rəsmi səfəri bir daha təsdiq etdi ki, iki ölkə arasında əlaqələr sadəcə diplomatik əməkdaşlıq çərçivəsi ilə məhdudlaşmır, ortaq tarix, mədəniyyət və mənəvi dəyərlər üzərində qurulan sarsılmaz qardaşlıq münasibətlərinə əsaslanır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB