"Onların əsas qayəsi Ermənistana dəstək vermək deyil" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Qərb və rəsmi İrəvan indi Qarabağdan guya deportasiya olunmuş ermənilər məsələsini gündəmə gətirir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

O bildirib ki, burada biz sinxronluğu görürük: "Həmahəng səylərin artıq olması mövcudluğu heç kəsdə şübhə doğurmur. Bir yandan Paris, bir yandan Brüssel, bir yandan Ottava, bir yandan da Vaşinqton kordinasiya olunmuş, əlaqələndirilmiş şəkildə Azərbaycana təzyiqlərini artırırlar. Bu mövzuda sual ortaya çıxır ki, bu, nə ilə bağlıdır? Əslində aydın məsələdir ki, Ermənistanın zəifliyi, gündəlikdə olan məsələlərlə laqeyd davranması məhz Qərbin müdaxilələri ilə bağlıdır. Çünki onlar çalışırlar ki, Ermənistana guya dəstək göstərsinlər. Ancaq onların əsas fikri Ermənistanı bataqlıqdan çıxarmaq deyil, Ermənistan vasitəsilə Azərbaycana, Türkiyəyə, Rusiya, İrana təzyiq göstərmək, yəni bölgədə mövcudluqlarını təmin etməkdir. Bu onların strateji hədəflərindən biridir. Ona görə də bu istiqamətdə Ermənistan sanki lal-dinməz oturub, heç bir səy göstərmir. Azərbaycanın təşəbbüslərinə gecikmiş cavablar verir və onların da vaxtı ötür. Görürük ki, onlar nə dərəcədə süründürməçilik siyasətini həyata keçirirlər. Bu onunla bağlıdır ki, Qərb onlara dəstək göstərir. Bildirir ki, tələsməsinlər, onların problemlərini həll edəcəklər.

Bu məsələlərin hamısının başında kollektiv Qərbin Rusiya və İran sərhədlərinə yaxın gəlməsidir. Guya, onlar Türkiyə ilə yaxındırlar, ancaq görürük ki, Türkiyədə də gözləri var. Ermənistan ərazisində yerləşdirilmiş guya sülhməramlı müşahidəçilər nə işlə məşğuldurlar? Onların burada olduğu il ərzində bir neçə dəfə bölgədə toqquşmalar, atışmalar olub, atəşkəs pozulub. Ermənistan hətta Kəlbəcərə atəş açıb. Niyə onların səsi çıxmır, nəyi müşahidə edirlər? Səsləri çıxmır, ona görə ki, onların binokl diplomatiyası var, digər tərəfdən də Rusiya mənbələri bu yaxınlarda bildirdi ki, sülhməramlı adı altında çıxış edən keçmiş jandarmlar, kəşfiyyatçılar üç ölkənin xüsusi obyektlərinə nəzarət edirlər. Söhbət Azərbaycan, Rusiya və İrandan gedir. Türkiyənin adı burada çəkilmir, amma əslində Türkiyənin özü ilə də bağlı məkrli planları var. Bu istiqamətlərin hamısında Azərbaycan dövləti öz müşahidələrini davam etdirir. Bölgədə təhlükəsizlik mexanizmlərinin işlək vəziyyətdə olmasını təmin edirik. Bu, çox vacib məsələdir. Çünki istənilən məqamda onlar planlarını həyata keçirməkdən ötrü, hətta təxribatlara əl atacaqlar. Heç də labüd deyil ki, erməni əsgəri, ya zabiti Azərbaycana atəş açsın. Çox güman ki, xaricdən gələn bir qrup özləri vəziyyəti qarışdıra bilərlər ki, onlar öz maraqlarını burada yerləşdirsinlər. Onların əsas qayəsi Ermənistana dəstək vermək deyil, onlar Ermənistana vəd verirlər. Ermənistanı yanlış yollara sövq edirlər ki, öz işlərini görsünlər. Əgər onlar erməni xalqı üçün yanırlarsa, vaxtında proseslərdə humanitar tərzdə hərəkət edərdilər. Nə Ermənistanda obyekt tikilir, nə Qarabağda obyekt tikmədilər. Sadəcə seperatçılara dəstək verirdilər ki, onların müdafiə qabiliyyəti üstün olsun. Bu, açıq-aşkar Azərbaycanın milli maraqlarına zidd mövqe idi. Ona görə təsadüfi deyil ki, Amerikanın konqresində, senatında Azərbaycanı tənbeh etməkdən danışırlar".

Onun sözlərinə görə, bunlar hamısı düşünülmüş siyasətin müxtəlif çalarlarıdır: "Ancaq mahiyyət eynidir, Azərbaycana təzyiq göstərmək, Azərbaycanın yerini daraltmaq. Gözəl bilirlər ki, Azərbaycan Qafqaz bölgəsində təhlükəsizliyin əsas sütunlarından biridir. Bu sütunu zəiflətmək istəyirlər, digər tərəfdən də təzyiqlərini artırırlar ki, bizi öz siyasətlərinin tərkib hissəsinə çevirsinlər. Bu da olan iş deyil. Çünki Azərbaycan dövləti suverendir, Ermənistandan fərqli olaraq. Əgər Ermənistan Azərbaycan kimi suveren olsa idi, biz çoxdan dil tapmışdıq, çoxdan sülh müqaviləsinə imza atmışdıq. Ermənistan bilərəkdən bu proseslərdə öz ixtiyarını özgə qüvvələrə verib. Ona görə də burada təhlükələr də var. Ancaq Azərbaycan bu proseslərin hamısında nəzarəti öz diqqətində saxlayır və heç bir məkrli plan həyata keçməyəcək".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə