2050-ci ilə qədər antibiotiklərə davamlı "super bakteriyalar" dünyada 40 milyon insanı öldürə bilər. SİA xarici KİV-ə istinadən xəbər verir ki, "super bakteriya" adlanan antibiotiklərə davamlı bakteriyalar üzərində yeni bir araşdırma aparılıb. 500-dən çox mütəxəssisin iştirak etdiyi araşdırma, resenziyalı tibb jurnalı "Lancet"də dərc edilib. Qlobal əsasda antimikrobiyal müqavimətin, yəni terapevtik dərmanlara davamlı infeksiyaların illik trend cədvəlləri araşdırılıb. 204 ölkə və regiondan 520 milyon insanın məlumatlarından istifadə edilib. 1990-cı ildən 2021-ci ilə qədər ölüm təxminlərinə baxılıb.
Müvafiq olaraq, 2025-2050-ci illər arasında dərmana davamlı infeksiyalar səbəbindən dünya üzrə ölüm halları 70% arta bilər. "Super bakteriya"lar səbəbindən birbaşa ölümlərin sayı 39 milyonu keçə bilər.
Mütəxəssislərin fikrincə, ən böyük riski yaşlılar təşkil edir. Son üç onillikdə 70 yaşdan yuxarı insanlarda "Super bakteriya"lardan ölüm nisbəti 80% artıb. Peyvənd və gigiyena sahəsində irəliləyişlər sayəsində azyaşlı uşaqlarda dərman müqavimətinə görə bakteriya ölümləri azalıb. 1990-2022-ci illər arasında 5 yaşdan kiçik uşaqlarda antibiotiklərə davamlı bakteriyalara görə ölüm hallarında 50%-dən çox azalma müşahidə olunub.
Dünyada mikroblara qarşı müqavimət nəticəsində yaranan ölüm hallarına ən çox Cənubi Asiya, Latın Amerikası, Karib hövzəsi və Sub-Sahara Afrikası daxildir. Çünki bu regionların əksəriyyətində keyfiyyətli tibbi xidmətə bərabər çıxış imkanları çox aşağıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə