Yüz km-dən bir addım o yana ola bilməz..?

Bu arada ABŞ Ukraynaya Rusiya ərazilərinə 100 km dərinlikdə zərbə endirmək üçün Amerika silahlarından istifadə etməyə icazə verib.

Yəni bundan bir addım da artıq olmaz?

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “The Washington Post” Kiyevdəki mənbələrə istinadən bildirir.

Nəşr qeyd etdiyi kimi, deməli, belə çıxır ki, Ukraynalılar Rusiyanın əsas aerodromlarını ABŞ silahı ilə hədəfə ala bilməzlər?

Maraqlıdır ki, bu arada Pentaqonun sözçüsü Çarli Dits belə bir məhdudiyyətin mövcudluğunu inkar edib. Onun sözlərinə görə, ABŞ Ukraynaya öz silahlarından hücumun aparıldığı Rusiya Federasiyası ərazisinə zərbə endirməyə icazə verib. ABŞ Müdafiə Nazirliyinin sözçüsü qeyd edib ki, söhbət “coğrafiya və ya konkret radiusla bağlı deyil”, yəni “Ukrayna sərhəddən ona hücum edən qüvvələrə cavab vermək imkanına malik olacaq”.

Xatırladaq ki, may ayında Vaşinqton rəsmi Kiyevə Rusiya ərazisini Amerika silahları ilə vurmağa icazə vermişdi,.. ancaq Xarkov vilayətində.

Bundan əvvəl ABŞ prezidenti Cozef Bayden ABŞ-ın “Moskva və Kremlə hücumlara icazə vermədiyini” bildirmişdi.

Buna cavab olaraq Rusiya prezidenti Vladimir Putin xəbərdarlıq edib ki, Rusiyanın Ukraynaya yardım edən ölkələrin həssas obyektlərinə hücumların həyata keçiriləcəyi dünyanın regionlarını uzaqmənzilli silahlarla təchiz etmək hüququ var.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə