Yaxınlarına dəstək olmağa gələn Krım tatarları həbs edilib

Yaxınlarına dəstək olmağa gələn Krım tatarları həbs edilib

...İlhaq edilmiş Krımın Simferopol şəhərində Rusiya məhkəməsi iyirmi iki Krım tatarını bir sutkadan bir həftəyə qədər inzibati həbs edib. Onların hamısı cümə günü “Hizb-ut-Təhrir” dini hərəkatının fəaliyyəti ilə bağlı cinayət işi üzrə istintaq təcridxanasında olan yaxınlarına dəstək olmaq üçün məhkəmə binasına gələrkən saxlanılıb.

“Krım həmrəyliyi” xəbər verir ki, ictimai asayişin pozulması ilə bağlı inzibati protokollar tərtib edilənlər arasında 64-71 yaş arasında olan bir neçə qoca da var.

Xatırladaq ki, avqustun 25-də Simferopol məhkəməsi Krımın Baxçasaray rayonunun sakinləri Ruslan Asanov, Ametxan Umerov, Remzi Nimetulaev, Seydamet Mustafayev, Eldar Yakubov və Abdulmedjit Seytumerovun barəsində həbs-qətimkan tədbiri seçib. Onlar terror təşkilatının fəaliyyətini təşkil etməkdə və orada iştirakda ittiham olunurlar.

Yeri gəlmişkən, SİA xatırladır ki, “Hizb ut-Təhrir” beynəlxalq İslam dini hərəkatıdır. Dünyanın bir çox ölkəsində, o cümlədən Ukraynada qanuni olsa da, 2003-cü ildən terror təşkilatı kimi Rusiyada qadağan edilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə