Rus polisindən müsəlmanlara qarşı hörmətsizlik

Müsəlmanlar Moskvanın mərkəzində polisin reydlərinə qarşı aksiya keçiriblər
Rus polisindən müsəlmanlara qarşı hörmətsizlik

Cümə günü Moskvanın mərkəzində müsəlmanların məscidlərə polis basqınlarına qarşı kortəbii aksiyası keçirilib. Polis əməkdaşlarının qeyri-qanuni mühacirlərin şəxsiyyətini müəyyən etmək üçün sənədləri yoxlamaq adı altında məscidlərə namaz vaxtı birbaşa gələrək, dini mərasimi yarımçıq qoyması, içəri girməzdən əvvəl ayaqqabılarını çıxarmaması, kobud davranması dindarları narazı salır.

SİA-nın əldə etdiyi məlumata görə, bir neçə yüz nəfərin iştirak etdiyi yürüş Bolşaya Tatarskaya küçəsində yerləşən tarixi məsciddən başlayıb.

“Podyom” teleqram kanalının məlumatına görə, polis məscid və onun ətrafında mühafizəni gücləndirib, lakin həbslər barədə məlumat verilməyib. Müsəlmanlar günorta cümə namazından sonra etiraz aksiyasına çıxıblar.

Nəqliyyat xidmətlərinin fəaliyyətinə həsr olunmuş “Taxi Ombudsman” Telegram kanalı Moskva Nəqliyyat Departamentinin blankında paytaxt hakimiyyətinin taksi xidmətlərinə göndərdiyi iddia edilən sənədi dərc edib. Söhbət müsəlmanların icazəsiz mitinqinin hazırlanmasından gedir. Taksi xidmətlərinin rəhbərliyindən “işləyən miqrantlarla” izahat işlərinin aparılması və mitinqə çıxmaq cəhdlərinin dayandırılması tələb olunub.

Qeyd edək ki, iyulun 14-də polis dindarların sənədlərini yoxlamaq üçün Moskva yaxınlığındakı Dzerjinski şəhərindəki məscidə gəlib. Namaz vaxtı binaya daxil olan hüquq-mühafizə orqanlarının əməkdaşları ayaqqabılarını çıxarmayıblar ki, bu da İslam dininin normalarına ziddir. Bundan əvvəl, iyulun 7-də çevik qüvvələr ibadət zamanı Kotelniki məscidinə daxil olub və dindarların üzərinə yanğınsöndürən köpükləri töküblər.

Yeri gəlmişkən, polisin hərəkətini Müsəlmanların Ruhani İdarəsi, həmçinin Dağıstan və Çeçenistan rəhbərləri Sergey Melikov və Ramzan Kadırov pisləyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə