"Putini həbs etdirməyin!"

Bu arada Afrika liderləri Rusiya prezidenti Vladimir Putinin Haaqa Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən verilən həbs orderinin dayandırılmasını təklif etməyi planlaşdırır. Belə bir tədbiri Ukraynada müharibəyə son qoymaq üçün danışıqların təşkili təşəbbüsündə qeyd etmək olar.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Reuters” xəbər verir.

Beləliklə, agentliyin jurnalistləri Afrika liderlərinin potensial sülh danışıqlarında “etimad yaratmaq” üçün təklif etmək istədikləri plan layihəsi ilə tanış olublar. Siyahıda Rusiyanın taktiki nüvə silahlarının Belarus ərazisindən, Rusiya qoşunlarının isə Ukrayna ərazisindən çıxarılması, Moskvaya qarşı tətbiq edilən sanksiyalar rejiminin yumşaldılması təklifləri yer alıb.

Bundan əlavə, Ukrayna və Rusiya taxıl və gübrələrinin ixracı üçün “şərtsiz” tədbirlərin tətbiqi təklif edilir.

Afrika liderlərinin missiyası cümə günü Kiyevə, şənbə günü isə Moskvaya səfər etməyi, orada Ukrayna və Rusiya prezidentləri ilə görüşməyi planlaşdırır. Nümayəndə heyətinə Seneqal prezidenti Maki Sall və Cənubi Afrika prezidenti Siril Ramafosa başçılıq edirlər. Bundan əlavə tərkibə daha bir neçə Afrika dövlətinin liderləri və Misirin baş naziri daxildir.

Yeri gəlmişkən, Ukrayna prezidenti Vladimir Zelenski daha əvvəl Afrika ölkələrinin sülh təşəbbüsünü alqışlayıb. Lakin onun mətbuat katibi bəyan edib ki, siyasətçi Afrika ölkələrinin nümayəndələrini əslində Rusiyanın kapitulyasiyasını şərtləndirən Ukrayna sülh düsturuna qoşulmağa dəvət edəcək. Moskva sülh danışıqlarına hazır olduğunu deyir, lakin bu cür təkliflərin Kiyevdə dəstək tapmadığını iddia edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə