"Kəndimizin yazından ötrü burnumun ucu göynəyir" - MÜSAHİBƏ

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvü, Zəngəzur mahalı, Qarakilsə rayonu Şəki kənd İcmasının sədri, şair-publisist Azadə Novruzovanın SİA-ya verdiyi müsahibəni təqdim edirik:

- Qərbi Azərbaycan ədəbiyyatı və onun nümayəndələri barədə nələr deyə bilərsiniz?

- Qərbi Azərbaycan ədəbiyyatı bütövlükdə Azərbaycan ədəbiyyatının tərkib hissəsidir. Bizim böyük ədiblərimiz Əli Vəliyev, Əyyub Abbasov, “Zəngəzuru tanıyaq və tanıdaq” silsilə yazıların müəllifi Musa Urud Qərbi Azərbaycanımızdandırlar. Sadaladığım hər üç ədib yaradıcılığında Qərbi Azərbaycanda baş verənvə dəfələrlə təkrar olunan amansız deportasiyanı qabarıq şəkildə öz yaradıcılıqlarında əks etdiriblər. Mən də böyük yazıçımız Əyyub Abbasovla eyni kənddənəm. Əyyub Abbasov Zəngəzur mahalının Şəki kəndində anadan olub. Kiçik yaşdan hər iki valideynini itirən Əyyub Abbasov Naxçıvanda qohumlarının himayəsində böyüyüb. Həm Bakıda, həm də keçmiş Leninqrad şəhərində ali təhsil alıb. Əyyub Abbasovun 1917-1920-ci illər Qərbi Azərbaycanda, xüsusilə Zəngəzurda baş verən soyqırımı ilə bağlı məşhur “Zəngəzur” romanını tövsiyə edərdim ki, bugün gənclərimiz dərindən mütaliə etsin. Bu romanı oxumaqla yaddaşımız təzələnsin deməzdim, yaddaşımız möhkəmlənsin deyərdim. Biz heç vaxt unutmamalıyıq ki, Qərbi Azərbaycan dediyimiz həmin torpaqlar bizim qədim dədə-baba yurdumuzdur. Qərbi Azərbaycan bizim kiçik daşından böyük zirvəli dağlarına qədər ulu babalarımızın ayaq izləri olan və hər daşı, hər qayası “Mən türkəm” deyən- Böyük Türk dünyasının ayrılmaz bir hissəsidir. O cür böyük və gözəl coğrafiyaya sahib bölgəmiz təbii ki, Azərbaycan ədəbiyyatını o ərazimizdə doğulan ədiblərimizin, yazıçılarımızın yaratdığı bədii nümunələrlə zənginləşdirmişdir.

Azərbaycan SSRİ-nin Xalq yazıçısı, görkəmli ədibimiz Əli Vəliyev də həmin bölgədə dünyaya gəlib. Hal-hazırda masamın üzərində olan Əli Vəliyevin “Budağın xatirələri” əsərində də məhz həmin dövrdə o bölgədə baş verən hadisələrdən bəhs olunur.

Musa Urudun yaradıcılığı da təpədən dırnağa qədər Qərbi Azərbaycan təbiəti, gözəlliyi və vətən həsrəti ilə ətirlənib.

- Neçənci ildə deportasiya olunmusunuz? Həmin illərdən xatirinizdə nələr qalıb?

- Haqqında danışdığım hörmətli yazıçımız Əyyub Abbasov kimi mənə də həmin kənddə böyüyüb boya-başa çatmaq, yetkinləşmək qismət olmayıb. 1988-ci ildə yəni bu gün Qərbi Azərbaycanda bir dənə Azərbaycanlının belə qalmadığı sonuncu deportasiyada Ana Vətənimi məcburən tərk etmişəm. Yurd həsrətinin içində olmuşam həmişə. Deportasiya olunanda 12 yaşım var idi. 12 yaşlı bir uşaq yaddaşında nələri həkk edə bilərsə, mənim vətənim ondan min qat artıq yaddaşımdadır. Doğulduğum Şəki kəndi çox füsunkar təbiət gözəlliyinə malik idi. Bizim kəndin ayağında şəlalə var idi- Şəki şəlaləsi. O şəlalənin suyunun səsinə, ətrafındakı xırda çiçəklərin ətrinə, rənginə qədər hər şey yadımdadır. 12 yaşıma qədər yaşadıqlarım, gördüklərim heç vaxt unutmadığım ən əziz xatirələrimdir. Kəndimizin hər fəsli gözəl idi. Hələ kəndimizin yazından ötrü burnumun ucu göynəyir. Bakıdakı parklarda rəngbərənk xırda çiçəkləri görəndə onların arasında kənddə həyətimizdə hər səhər şehli çəmənimizdəki üzümə gülən qaymaqçiçəyini axtarıram.

- Öz yaradıcılığınızda Qərbi Azərbaycan mövzusuna toxunmusunuz?

- Mənim bütün yaradıcılığıma, bu məzmun sirayət edib. Hətta məhəbbət şeiri yazanda belə özümdən biixtiyar hər hansı bir nüansı ifadə etmişəm. Hər yazıya köklənəndə mütləq gözümün qabağına həsrətində olduğum əsir vətənim gəlir. Biz necə vətənimizin həsrətini çəkiriksə, vətənimiz də bizim həsrətimizi çəkir. “Sən mənim ağ kitabım” adlı ilk şeir kitabımında elə ilk şeiri doğma vətənimə ithafımdır.

Həsrətindən hana qurub,

İlmə-ilmə arzular toxudum

Çiçəklərin al gülündən...

Vətən arzum, gül arzum

Hanadan gülən arzum,

Gül üzümə, gül, arzum!

34 ildir ki, o hananı xəyalımda qurmuşam. O həsrət hanama gündə neçə ilmə çalıram bilmirəm. Hər zaman Allaha dua edirəm ki, o hanadan- həsrəti, nisgili, ayrılığı, qəribliyi ifadə edən naxışları çox olan – “Vətən arzusu” adlandırdığım öz gəbəmi kəsib yerə qoymaq mənə qismət olsun. Yəni, bu həsrətim bitsin. Qürbətdə ömür elə-belə ötmür. Zilləti çox olur. Çox vaxt qəm-kədərin içində olursan. Çünki nəyə əl atırsansa sənə oranı xatırladır. Nəyi düşünürsənsə sonda gəlib çıxırsan yenə o həsrətin üstünə. O həsrətin göynərtisi yaman olur. Fikir, nənəm xiyalım deyərdi- özü səni istəsəndə istəməsəndə dolandırıb gətirir Vətənin səcdəsinə. Qəribin halın Tanrı bilir. Ümid heç vaxt üzülmür. Bütün yazılarımın sonunda həmişə qəlbimdəki ümid işığım gurlanıb. Və o ümidi böyük inamla ifadə etmişəm ki, biz öz evimizə qayıdacayıq, biz əbədi geri dönəcəyik!

- Qərbi Azərbaycanla bağlı hansı arzularınız var?

- 24 dekabrda cənab Prezident İlham Əliyev bir qrup Qərbi Azərbaycan ziyalıları ilə görüşdü. Prezidentin çıxışındakı hər kəlməni, hər ifadəni dinlədikcə ürəyimiz dağa dönürdü. Cənab Prezidentin çıxışındakı inam o andan etibarən bizi yurdumuza aparır. Artıq xəyallarımızda biz öz dədə-baba ocağımızdayıq. 24 dekabrdan başlayaraq hər gün biz ora bir addım da yaxınlaşırıq. İnanırıq ki, çox qısa bir zamanda biz Qərbi Azərbaycanda öz evlərimizdə olacağıq, öz həyətimizdə Novruz tonqalları yandıracaq, dağılmış evlərimizi bərpa edəcəyik.

- Doğma yurdunuzu düşündükdə sizi ən çox nə kövrəldir?

- Ən kövrəldiyim məqam odur ki, bilirsiniz bizim orda dünyasını dəyişən əzizlərimizin məzarları dağıdılıb. Oradan deportasiya olunub, burada rəhmətə gedən əzizlərimiz öz vəsiyyətlərində hər birimizə dönə-dönə onu tapşırıblarki, burada dəfn olunsaq da, məzarımızdan bir ovuc torpaq götürüb - Qərbi Azərbaycandakı dağıdılmışdırsa belə oradakı dədə-babamızın uyuduğu qəbirstanlığa tökün. Onda buradakı gorumuz çatlamaz, ruhumuz da şad olar. Qeyd edim ki, deportasiya olunanda da yəni o məşəqqətli noyabr-dekabr günlərində bizim böyüklərimiz, öz canlarının hayında olmamışlar hansı çətinliklərlə üzləşsələr belə bir ovucda olsa əzizlərinin məzar torpaqlarını öz qoynunda gizlədib, özləri ilə gətirmişdilər...

Sonda arzu edirəm ki, qoy bu nəhayətsiz Qələbə sevincimiz bizim əzəli yurdumuza - Qərbi Azərbaycana: Zəngəzura, İrəvana, Göyçəyə, Zəngibasara, Vediyə, Dərələyəzə qayıdış sevincimizə qarışsın!

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə