""Azərkosmos" fantastik məbləğdə ödəniş tələb etməsinə aydınlıq gətirməlidir" - EKSPERT AÇIQLADI

“İstənilən lahiyənin məqsədi məntiqli düşünəndə mənfəətdir”. Bu sözləri SİA-ya açıqlamasında İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) üzrə ekspert Fərhad Mirəliyev bildirib.

Onun sözlərinə görə, digər ölkələrin telekommunikasiya peykləri dövlət qurumlarına, özəl qurumlara da icarəyə verilə bilər: “Peyklərdə yayım üçün icarə qiymətləri rəqabət məsələsidir. Kanal özü də peykdə yayımlanmaqda maraqlı olmalıdır. Hesab edirəm ki, kosmos xidmətləri göstərən şirkətin icarə haqqlarını yüksək saxlaması, televiziyalara münasib qiymətə peyk tezliklərini icarəyə verməməsinin məntiqli bir açıqlaması yoxdur. Ən azından həmin kanal münasib qiymətə peykdə yayımlanıb şirkətə müəyyən bir gəlir gətirə bilər. Əgər şirkət tərəfindən televiziya kanallarına tezliklər verilmirsə, ola bilər ki, şirkət xarici ölkələrə öz xidmətlərini satır. Məncə informasiya təhlükəsizliyi baxımından təbii ki ölkədə fəaliyyət göstərən bütün kanallar peyk vasitəsi ilə yayımlanmalıdır. Çünki bu gün dünyada silahlı savaşlardan daha çox informasiya müharibəsi gedir. Məndə olan məlumatlara görə "Azərkosmos" zərərlə işləyir. Yəni peyklərə çəkilən xərcləri çıxarda bilməyib. "Azərkosmos" digər ölkələrlə müqayisədə nəyə görə yayım üçün televiziya kanallarından fantastik məbləğdə ödəniş tələb etməsinə aydınlıq gətirməlidir".

Müəllif: İlkin Məmmədkərimov

Bütün xəbərlər Facebook səhifəmizdə