Avropa İttifaqı altı ölkədə yeni süni intellekt fabrikləri inşa edəcək

Avropa İttifaqı (Aİ) süni intellekt sahəsində qlobal rəqabətdən geri qalmamaq üçün mövcud şəbəkəni xeyli genişləndirməyi planlaşdırır.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Aİ bu məqsədlə Çexiya, Litva, Polşa, Rumıniya, İspaniya və Niderlandda yeni süni intellekt mərkəzləri inşa edəcək. Onlar startaplara, kiçik və orta müəssisələrə, eləcə də sənaye sektoruna süni intellekt üçün optimallaşdırılmış superkompüterlərə birbaşa çıxış imkanı verəcək.

Üzv dövlətlər bu məqsədlə birlikdə 500 milyon avrodan çox sərmayə yatıracaq. Aİ-nin məqsədi süni intellekt sahəsində irəliləmək və texnoloji asılılıqlardan qurtulmaqdır. Hazırda bu texnologiya bazarında ABŞ liderlik edir, Çin isə qabaqcıl mövqedədir.

Almaniyanın “Deutsche Telekom” şirkəti, bulud xidməti təminatçısı “Ionos” və “Schwarz Group”un IT bölməsi bu layihəyə maraq göstərsə də, onların müraciətləri qəbul edilməyib. Bunun əvəzində keçən il Ştutqartdakı “HammerHai” adlı layihə süni intellekt fabriki üçün seçilmişdi. Aİ indiyədək ümumilikdə 19 süni intellekt fabriki üçün yer seçib.

Bütün xəbərlər Facebook səhifəmizdə