"Süni intellekt artıq insan xarakterinə uyğunlaşır" - TEXNOLOQ DANIŞDI

"Hal-hazırda bazarda saysız-hesabsız süni intellekt (AI) modelləri mövcuddur. Onların arasında ən qabaqcılı və birinci yeri tutanı ChatGPT-dir. Bu model OpenAI şirkəti tərəfindən yaradılıb. Ümumiyyətlə, süni intellekt sahəsində təməli qoyan və bu sahədə qlobal tendensiyanın əsasını yaradan məhz OpenAI olub". Bunu SİA-ya açıqlamasında rəqəmsal sahə üzrə mütəxəssis Vasif Qəhrəmanov deyib.

Onun sözlərinə görə, süni intellekt dalğasının başlanğıc nöqtəsi də elə bu şirkətdir: "Bununla belə, digər qabaqcıl şirkətlər də fəaliyyət göstərir. Məsələn, Grok AI – X (əvvəlki Twitter) şirkəti tərəfindən yaradılmış və İlon Mask tərəfindən təqdim olunmuş bir modeldir. Grok daha çox “user-friendly”, yəni istifadəçiyə uyğunlaşdırılmış süni intellekt sayılır. Onun əsas üstünlüyü ondan ibarətdir ki, istifadəçi modelin xarakterini özü seçə bilir. İstəsə, daha gülərüz, zarafatcıl, yumorlu tonda danışan; istəsə, daha ciddi və tənqidi düşüncəyə malik bir modellə ünsiyyət qura bilər. Bu, istifadəçiyə öz psixoloji tipinə uyğun seçim imkanı yaradır.

OpenAI-də isə bu cür xarakter seçimi funksiyası mövcud deyil. Orada modelin üslubu daha çox söhbət zamanı formalaşır və müəyyən qaydalar, cavab limitləri çərçivəsində qalır. Bu, bəzi hallarda cavabların standart səciyyə daşımasına səbəb olur. Halbuki hər bir insanın fərqli danışıq tərzi, dəyərləri və yanaşma tərzi var. Bu baxımdan Grok-un istifadəçiyə xarakter seçimi imkanı təqdim etməsi çox müsbət hal kimi dəyərləndirilə bilər.

Grok-da eyni zamanda müxtəlif rejimlər də mövcuddur. Məsələn, bəzi hallarda model açıq dildə, bəzən isə +18 formatında cavab verə bilir. Bu, istifadəçiyə istədiyi rejimdə ünsiyyət qurmaq imkanı yaradır və Grok-u digər modellərdən fərqləndirir. Bu mənada, Grok-un çevikliyi və uyğunlaşma qabiliyyəti mühüm üstünlükdür. Çünki hər kəsin psixoloji tipi, dəyərləri və gözləntiləri fərqlidir. Biri standart və rəsmi üslubu sevirsə, digəri sadə və zarafatcıl tərzi üstün tuta bilər. OpenAI isə daha çox elmi və rəsmi dilə önəm verir ki, bu da bəzi auditoriyalar üçün müəyyən məhdudiyyətlər yarada bilər. Nəticə etibarilə, hər iki modelin öz üstün və zəif tərəfləri olsa da, Grok-un fərdiləşdirilmiş ünsiyyət imkanı və OpenAI-nin elmi dəqiqliyi süni intellektin gələcək istiqamətləri üçün mühüm nümunə hesab oluna bilər".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə