Bizə ən yaxın ağıllı sivilizasiya haradadır..?

İddialara görə, bizim qalaktikamızda yoxdur...

...Süd Yolunda bizə ən yaxın texnoloji sivilizasiya təxminən 33 min işıq ili məsafəsində yerləşə bilərdi və bəşəriyyətlə eyni vaxtda mövcud ola bilməsi üçün ən azı 280 min il, daha doğrusu milyonlarla il mövcud olmalı idi.

Helsinkidə keçirilən birgə EPSC-DPS 2025 konfransında Avstriya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutundan Manuel Şerf və Helmut Lammer belə qənaətləri təqdim ediblər.

SİA xəbər verir ki, bu barədə Europlanet portalı məlumat yayıb.

Hesablamalarda əsas rolu mürəkkəb həyatın yaranması və davamlılığı üçün zəruri olan şərtlər oynamışdır.

Planetin atmosferdəki karbon qazının miqdarını tənzimləyən lövhə tektonikası, oksigen və azotla zəngin atmosferi olmalıdır.

Bu olmasa, biosfer gec-tez deqradasiyaya uğrayacaq və texnoloji sivilizasiya yarana bilməyəcək. Alimlər təqribən 10 faiz karbon qazı olan atmosferin biosferi 4,2 milyard ilə qədər saxlaya biləcəyini müəyyən ediblər.

Ancaq texnoloji sivilizasiyanın yaranması üçün ən azı 18 faiz oksigen lazımdır: onsuz nə iri heyvanların mövcudluğu, nə də metallurgiya üçün zəruri olan açıq atəş mümkün deyil. Tədqiqatçılar biosferin ömrünü və Yerdəki təkamül sürətini müqayisə edərək belə nəticəyə gəliblər ki, ən azı bir sivilizasiyanın bizimlə eyni vaxtda meydana çıxması üçün onun növlərinin ən azı 280 min il yaşaması lazımdır.

On sivilizasiyanın eyni vaxtda mövcud olması üçün hər birinin orta ömrü 10 milyon ildən çox olmalıdır.

...Bizim qalaktikada yerdənkənar sivilizasiyaların mövcud olma ehtimalı çox kiçikdir və birbaşa onların nə qədər müddət mövcud ola biləcəyindən asılıdır, - Şerf izah edib.

Buna baxmayaraq, onun fikrincə, axtarışlar dayandırılmamalıdır: "Şanslar az olsa belə, həqiqəti üzə çıxarmağın yeganə yolu axtarışa davam etməkdir. Heç nə tapmasaq, bu bizim hesablamalarımızı təsdiq edəcək, tapsaq, bu, tarixin ən böyük elmi kəşflərindən biri olacaq".

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə