Məlumatların sızması əsas təhlükəsizlik problemlərindən biridir - XRİTDX

İnformasiya təhlükəsizliyi artıq milli təhlükəsizlik, iqtisadi sabitlik və ictimai etimad məsələsidir. SİA xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəis müavini Allahverən İsmayılov qurumun təşkilatçılığı ilə keçirilən Dövlət Qurumlarının İT rəhbərlərinin VI Zirvə Toplantısında deyib.

Onun sözlərinə görə, rəqəmsallaşmanın sürətlənməsi ilə risklər də artır: "Statistik göstəricilər son beş ildə dünyada kiberhücumların üç dəfədən çox artdığını göstərir. 2025-ci ilin yalnız ilk yarısında dövlət qurumlarına yönəlmiş hücumların 40 %-dən çoxu kritik infrastruktur sistemlərinə qarşı olub. Bu isə hər bir zəifliyin strateji riskə çevrilə biləcəyini göstərir".

A. İsmayılov bildirib ki, Azərbaycan da bu qlobal tendensiyalardan kənarda deyil:

"Dövlət informasiya ehtiyatlarında təhlükəsizlik insidentlərinin səbəblərini təhlil edərkən görürük ki, əsas problemlərdən biri hələ də məlumatların sızmasıdır. Bu, yalnız texniki boşluqlardan deyil, həm də idarəetmə proseslərindəki zəifliklərdən qaynaqlanır. Buna görə də təhlükəsizlik mədəniyyətinin bütün dövlət qurumlarında formalaşması və mütəmadi risk qiymətləndirmələrinin aparılması həyati əhəmiyyət daşıyır".

Rəis müavini həmçinin Azərbaycanda beynəlxalq təcrübəyə uyğun olaraq ilk dəfə həyata keçirilən "Bug Bounty" proqramını xüsusi vurğulayıb:

"Bu təşəbbüs dövlət qurumlarının açıq və əməkdaşlığa əsaslanan yanaşmaya keçid etdiyini göstərir. Çünki müasir dünyada kibertəhlükəsizlik yalnız qapalı sistemlərin müdafiəsi deyil, həm də ekspert icmaları ilə əməkdaşlıq deməkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə