Çinin “Xiaomi” şirkəti onlarla müştərinin avtomobil istehsalçısını elektromobillərin alınması ilə bağlı daha əvvəl elan edilmiş şərtləri pozmaqda ittiham etməsindən sonra qalmaqalın mərkəzində olub. Söhbət avtomobilin faktiki hazır olub alıcıya təhvil verilməsindən xeyli əvvəl qalan məbləğin ödənilməsi tələbindən gedir.
SİA xəbər verir ki, Çin mətbuatında dərc olunan məlumata görə, Xiaomi elektromobilləri üçün sifariş verən və depozit yatıran alıcılar, qalan məbləği 30 gün ərzində ödəmələrini tələb edən bildirişlər almağa başlayıblar.
Əks halda, onlar sifarişlərinin ləğvi və 5000 yuan (təxminən 700 dollar) məbləğində avans ödənişini itirmək riski ilə üzləşirlər.
Avtomobilləri istehsalın ilkin mərhələsində olan və yalnız 22-25 həftə ərzində sahiblərinə çatdırıla bilənlər üçün vəziyyət xüsusilə kəskindir.
Buna baxmayaraq, şirkət indi ödəniş tələb edir ki, bu da müştərilərin fikrincə, əvvəl elan edilmiş şərtləri pozur. O cümlədən şirkət avtomobilə baxış keçirildikdən sonra tam ödənişin mümkün olduğunu bildirib.
Digər tərəfdən, satış müqaviləsinə əsasən, Xiaomi “istehsal qrafiki və satışdan” asılı olaraq istənilən mərhələdə qalan məbləği tələb etmək hüququna malikdir.
Ödənişdən imtina müqavilənin ciddi pozulması hesab olunur və şirkətə sifarişi ləğv etmək və depoziti saxlamaq hüququ verir.
Bu təcrübə brendin öz ölkəsindəki reputasiyasına ciddi təsir göstərir. Nio, BYD və Tesla kimi digər avtomobil istehsalçıları müştərilərə avtomobili aldıqdan sonra son ödənişi etməyə imkan verir.
Analitiklər təklif edirlər ki, Xiaomi bu siyasətdən sifarişləri süzgəcdən keçirmək və xüsusilə SU7 və YU7 modelləri üçün uzun gözləmə müddətlərini nəzərə alaraq, ən həvəsli müştərilərə çatdırılmanı sürətləndirmək üçün bir vasitə kimi istifadə edə bilər.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə