Tüstü dedektoru necə kəşf olundu?

SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Müasir dövrdə insan sağlamlığının baş düşməni sayılan siqaret, bilirsinizmi, həyatımızı asanlaşdıran, hətta xilas edən bir ixtiranın təsadüfi səbəbi olub? Bu sualın düzgün cavabı əvvəlcə heç kimin ağlına gəlməyə bilər, lakin 1930-cu illərin sonlarında bir tədqiqat laboratoriyasında baş verən hadisə bizə “Bəli” cavabını verməyə imkan yaradır. Belə ki, siqaret tüstüsünün yaratdığı təsadüfi ixtira tüstü detektoru olur.

Yanğın və onun idarə olunması bəşəriyyəti hər zaman düşündürüb. Çünki nəzarətsiz yanğının törətdiyi faciələr əsrlər boyu təbiətə, insanlara, mədəniyyətlərə böyük ziyanlar vurub. Ta qədimdən yanğının nəzarətsiz çıxması, böyüməsi bütün canlıların, xüsusən insanların həyatını təhlükə altında qoyub. Günlərlə davam edən yanğınlar şəhərləri, mədəni-tarixi abidələri məhv edib, sağ qalan insanları yerindən-yurdundan edib, evlərini viran qoyub. Arxeoloji tədqiqatlar söylədiklərimizi dəfələrlə təsdiq edib. Məhz buna görə də insanlar yanğın təhlükəsinə qarşı qabaqcadan tədbirlər görməyə, daha diqqətli olmağa çalışmışlar.

Günü-gündən artan çoxmərtəbəli yaşayış evləri, özünü səmaya bir neçə addımlıqda hiss edən biznes mərkəzləri yanğın siqnalizasiya sistemləri olmadan ölüm təhlükəsi yaradır. Belə binaların xüsusən xarici sistemlərinin bərk, lakin yanğına davamlı olmayan materiallardan hazırlanması, kilometrlərlə elektrik kabelləri ilə bükülməsi yanğın təhlükəsini daha da artırır.

Tüstü detektorları necə kəşf olundu? XX əsrin 30-cu illərində Avropa qitəsinin sürətlə İkinci Dünya Müharibəsinə doğru getdiyi bir vaxtda isveçrəli fizik Uolter Ceger (Walter Jaeger) zəhərli qazları aşkar edə bilən cihaz ixtira etməyə çalışırdı. Uolter öz təcrübəsində düzəltdiyi cihaza daxil olan zəhərli qazın ionlaşmış hava molekullarını bir-birinə bağlayacağını və bu şəkildə cihazından sürətli bir elektrik cərəyanının keçəcəyini düşünsə də, istədiyi nəticəni ala bilmədi. Eyni təcrübəni dəfələrlə təkrarlayan və məyus olan alim çox əsəbiləşərək laboratoriyasında iş masasında siqaret yandırdı. Ceger siqaretini bir neçə dəfə içinə çəkib üfürdükdən sonra onun yeni cihazı qəfildən siqnal verməyə başladı. Görünür, zəhərli qazların bacarmadığını siqaret tüstüsü etmişdi və cihaz təsadüfən də olsa, yanğınsöndürmə üçün yeni ixtiraya yol açdı.

Uolter Cegerin təcrübəsi müasir tüstü detektorlarının yolunu açan mühüm inkişaf idi, lakin o dövrün şəraitində elektrik cihazlarının istehsal xərcləri yüksək olduğu üçün bu yeni ixtira geniş yayılmadı, cihazları yalnız böyük müəssisə, teatr və kinoteatrlarda istifadə olunurdu.

“Ev tipi” adlanan bu kiçik ölçülü tüstü detektorları 60-cı illərə qədər geniş yayılmadı, çünki onların qiymətləri 30 il keçməsinə və yenilənməsinə baxmayaraq, çox yüksək idi.

Əsl ev tüstü detektoru 1965-ci ildə asanlıqla dəyişdirilə bilən batareya paketi ilə faktiki olaraq yenidən ixtira edildi. Həmin illər İkinci Dünya Müharibəsindən sonra böyük şəhərlərə axışan, sürətlə artan əhalinin mənzil ehtiyacını ödəmək üçün şəhərlərdə çoxmənzilli binaların sayının və hündürlüyünün xeyli artdığı bir dövr idi. 1976-cı ildə ABŞ-da qəbul edilən qanun hər evin tüstü detektoru ilə təchiz olunmasını məcbur etdi.

Hal-hazırda bir çox iş mərkəzləri və sıx əhalisi olan şəhərlərdə binalar üçün tüstü detektorları ilə əlaqəli yanğın siqnalizasiya sistemlərinin quraşdırılması qanuni bir öhdəlik olub. Buna baxmayaraq, yenə də istər iş yerlərində, istərsə də evlərdə çoxmərtəbəli binalarda yanğın çıxınca insan həyatını itirmək riski ilə üzləşir.

Çoxmərtəbəli binalarda baş verən yanğınlardan sonra tüstü detektorlarının niyə tez həyəcan siqnalı verməməsi ilə bağlı tədqiqatlar belə bir ağrılı həqiqəti üzə çıxarıb. ABŞ və Böyük Britaniyanın apardığı araşdırmalar nəticəsində məlum olub ki, detektor siqaret tüstüsünə siqnal verməsin deyə batareyaları qəsdən çıxarılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə