“Bizdən biri ol, sağlam gələcəyini seç” devizli minifutbol turniri keçirilib - FOTOLAR

İyun ayının 30-da YAP Mərkəzi Aparatının, Suraxanı rayon təşkilatının və Suraxanı rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Bizdən biri ol, sağlam gələcəyini seç” devizli minifutbol idman növü üzrə turnir keçirilib. SİA-nın verdiyi məlumata görə turnir Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli, 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin 2022-ci ilə dair imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq təşkil olunub.

Turnirin açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra mərasimdə çıxış edən YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Suraxanı Rayon İcra hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdir müavini Zəkiyyə Musayeva, Milli Məclisin deputatı Sevinc Fətəliyeva, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbərinin müavini Tanrıverdi Aydınov, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Beynəlxalq əlaqələr departamentinin rəis müavini Elnur Orucov, Suraxanı rayon prokuroru Rəşid Mahmudov və başqaları bildiriblər ki, narkomaniya ilə mübarizə sahəsi daim diqqət mərkəzində olmuş, dövlət proqramları qəbul edilmiş, müxtəlif layihələr həyata keçirilmişdir. Bugünkü tədbirin də əsas məqsədi bəşəriyyətin ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi bəlasına, təhlükə mənbəyinə çevrilən narkomaniyaya qarşı mübarizə ilə bağlı təbliğat işinin daha da gücləndirilməsi, sağlam gələcəyimiz naminə yeniyetmə və gənclər arasında aparılan maarifləndirmə işlərinin davamlılığını təmin etməkdən ibarətdir.

Çıxışlardan sonra final mərhələsinə start verilib. 10 komandanın iştirak etdiyi turnirin qalibləri xatirə hədiyyələri və diplomlar ilə mükafatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...