İdmançılar üçün “İslam dini və müasir gənclik” mövzusunda seminar keçirilib - FOTOLAR
Noyabrın 23-də Təhsil Nazirliyinin “Təhsil” İdman Mərkəzinin 2 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (RİOEUGİM) təşkilatçılığı və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “İslam dini və müasir gənclik” mövzusunda seminar keçirilib. SİA-nın məlumatına görə, Bakı şəhərinin 3 nömrəli Uşaq Yaradıcılıq Mərkəzinin akt zalında təşkil olunan tədbirdə 100-ə yaxın pedaqogi işçi və idmançı iştirak edib.
İki nömrəli RİOEUGİM-in direktoru Əjdər Cəfərov bildirib ki, ölkəmizdə bədən tərbiyəsinə göstərilən qayğı əhalinin müxtəlif təbəqələrinin idmana cəlb edilməsini ilbəil artırıb. İki ildən bir keçirilən yeniyetmələrin respublika oyunları idmanın həm bölgələrdə inkişafı, həm də kütləviliyi baxımından yeni mərhələnin əsasını qoyub.
O, idmançılar üçün keçirilən belə seminarların çox əhəmiyyətli olduğunu vurğulayıb.
Ə.Cəfərov qeyd edib ki, dini etiqad azadlığı, əsrlərdən bəri xalq arasında mövcud olan dini dözümlülük və multikulturalizm ənənəsi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Dini radikalizmə qarşı mübarizədə milli-mənəvi və dini dəyərlərin qorunması vacibdir.
Ötən il ölkəmizdə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdıran direktor idmançılarımızın ölkəmizi layiqincə təmsil ediklərini deyib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin aparıcı məsləhətçisi Tural Vəlizadə müxtəlif mədəniyyətlərin, dinlərin, millətlərin, etnik qrupların vətəni olan Azərbaycanda mövcud olan multikultural və tolerantlıq ənənələrinin günümüzə qədər davam etdiyini bildirib: "Bu gün respublikamızda dini etiqad azadlığı tam təmin edilir və bütün dinlərin, xalqların, etnik qrupların nümayəndələri eyni hüquqlara malikdirlər. Belə bir mühitin mövcud olmasında mənəvi dəyərlərimizlə yanaşı, düşünülmüş dövlət siyasəti də çox böyük rol oynayır. Müstəqilliyimizin bərpasından sonra digər sahələrdə olduğu kimi, dövlət-din münsibətlərinin tənzimlənməsi sahəsində də böyük nailiyyətlər əldə olunub".
Əməkdar bədən tərbiyəsi və idman xadimi, professor Cavanşir Qurbanov respublikamızın dünyada idman ölkəsi kimi tanındığını, Azərbaycanda milli-mənəvi və dini dəyərlərin qorunması istiqamətində mühüm addımların atıldığını diqqətə çatdırıb.
Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd öz milli və dini tolerantlığı ilə ad çıxaran ölkəmizin həmişə tamam fərqli mövqedə olması, bütün dini etiqadları və etnik azlıqları təşviq etməsi, əsrlərin sınağından süzülüb-gələn İslam ənənələrinin mühafizəsinə layiqli töhfə vermək, idmançıları bu sahədə düzgün tərbiyələndirməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB