Nizami Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının, “İki sahil” qəzetinin birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci və II Dünya Müharibəsində qələbənin 73-cü ildönümü münasibətilə rayon məktəbliləri arasında güllə atıcılığı üzrə yarış keçirilib. SİA-nın yarışda 20 komanda iştirak edib. Olimpiya sistemi üzrə gücünü sınayan şagirdlər hansı komandasının daha dəqiq hədəfi nişan almasına aydınlıq gətiriblər. Yarışın nəticələrinə görə, 128 xalla 220 nömrəli orta məktəbin komandası birinci yerə sahib olub.
Sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
Mərasimdə çıxış edən YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov, 220 saylı məktəb-liseyin direktoru Tural Mirzəliyev, şagirdlərin hərbi hazırlıq müəllimi Mübariz Məmmədov və başqaları deyiblər ki, bəşər tarixinin ən dəhşətli müharibəsində sovet ordusu sıralarında xidmət edən bütün xalqlar qələbənin əldə olunmasına böyük töhfələr veriblər. Bu müharibədə 27 milyona yaxın sovet vətəndaşı həlak olub. İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin əldə edilməsində Azərbaycan xalqının da böyük töhfəsi və rolu olub. Onlar, həmin müharibədə şərəfli döyüş yolu keçmiş qəhrəman əsgərlərin xidmətlərinin heç vaxt yaddaşlardan silinməyəcəyini, gənc nəslə əsl vətənpərvərlik nümunəsi olacağını əminliklə vurğulayıblar. Bildiriblər ki, hər il 9 May - Qələbə Günü münasibətilə respublikada keçirilən tədbirlərdə məhz ölkə rəhbərinin iştirakı gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır.
Çıxışçılar söyləyiblər ki, 1993-cü ildə Azərbaycan xalqının təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizdə bütün sahələrdə yüksəlişə doğru dönüşün əsasının qoyulduğu kimi, müharibə veteranlarına qarşı əvvəlki hakimiyyətin cəmiyyətdə formalaşdırmağa cəhd göstərdiyi münasibət də birdəfəlik aradan qaldırılıb. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra 9 May - Qələbə Günü rəsmi dövlət bayramı səviyyəsində qeyd edilir. Diqqətə çatdırılıb ki, qələbənin 70 illik yubileyi ərəfəsində Prezident İlham Əliyev tərəfindən imzalanmış müvafiq sərəncamlar veteranlara göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Sonda yarışın qalibləri mükafatlandırılıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB