Jurnalistlər Azərbaycan Qran-Prisinin Uniforma və Akkreditasiya Mərkəzi ilə tanış olublar FOTOLAR

Jurnalistlər Azərbaycan Qran-Prisinin Uniforma və Akkreditasiya Mərkəzi ilə tanış olublar FOTOLAR

Bu gün media nümayəndələri Formula-1 üzrə Azərbaycan Qran-Pri yarışlarının Uniforma və Akkreditasiya Mərkəzinin fəaliyyəti ilə tanış olublar.

SİA-nın məlumatına görə, 100-dən artıq könüllünün fəaliyyət göstərdiyi mərkəzdə hər cür şərait yaradılıb. Könüllülər və podratçı şirkətlərin nümayəndələri buraya gələrək qeydiyyat kartını, həmçinin uniformalarını əldə edirlər.

Yarışın könüllüləri və işçi heyətinə artıq giriş kartlarının verildiyini bildirən Uniforma və Akkreditasiya Mərkəzinin meneceri Rüfət Bayramov bildirib ki, Qran-Prinin bir parçası olmaq istəyən 3 min könüllünün müraciətlərinə burada baxılır.

Onun sözlərinə görə, podratçı şirkətlərin isə 4 minə yaxın nümayəndəsinə giriş kartı və uniforma təqdim olunacaq: “Ümumilikdə 13 minə yaxın insanın mərkəzə müraciət edəcəyini gözləyirik. Uniformalar işçi heyəti, könüllülər və podratçı şirkətlərin nümayəndələri üçün təqdim olunur”.

Mərkəzin iyunun 1-dən fəaliyyətə başladığını bildirən Rüfət Bayramov iyunun 21-dək buranın açıq olacağını diqqətə çatdırıb. O, bu günədək 6 min nəfərin müraciət etdiyini vurğulayıb.

Formula-1 üzrə Azərbaycan Qran-Prisinə sayılı günlərin qaldığını bildirən “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin İnsan resursları və işçi qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova da uniforma və akkreditasiya alınması prosesi haqda danışıb: “Bir dəst uniformaya 2 mayka, papaq, gödəkçə və çanta daxildir. Uniformaların dizaynını seçərkən bir neçə variantı nəzərdən keçirdik və ən uğurlusunu seçdik. Geyim əşyalarının üzərində Bakı Şəhər Halqasının ornamentləri əks olunub. Uniforma və akkreditasiyaların alınması prosesi iyunun 20-nə kimi davam edəcək.

O, sözügedən prosesin çox vacib olduğunu vurğulayıb: “Çünki bunlar olmadan könüllülərin müxtəlif zonalara və məkanlara girişi qadağandır. Akkreditasiya kartında könüllünün adı, soyadı, vəzifəsi və işləyəcəyi məkanın adı qeyd olunur”.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə