"Azəryol" və "Telekom" qələbə qazandılar

"Azəryol" və "Telekom" qələbə qazandılar

Dünən qadın voleybolçular arasında Azərbaycan Super Liqasının V turu çərçivəsində iki oyun keçirilib. Turun mərkəzi oyununda "Telekom" və "Azərreyl" komandaları qarşılaşıblar. Gərgin keçən oyunun ilk hissəsi rabitəçilərin xeyrinə başa çatıb - 25:19. İkinci setdə təşəbbüsü ələ alan dəmiryolçular hesabı bərabərləşdirməyə nail olublar - 25:15. Üçüncü setdə "Azərreyl" 25:23 hesabı ilə qalib gəlib. Dördüncü set isə eyni hesabla "Telekom" voleybolçularının xeyrinə nəticələnib. Beləliklə, matçın taleyi tay-brekdə həll olunub. Daha dəqiq oynayan rabitəçilər 16:14, ümumi hesabda isə 3:2 hesabı ilə qalib gəliblər.

Digər oyunda isə "Azəryol" klubu "Lokomotiv" komandasını qəbul edib. Görüş meydan sahiblərinin 3:0 hesablı asan qələbəsi ilə yekunlaşıb (25:8, 25:9, 25:11).

Bu turdan sonra xallarının sayını 15-ə çatdıran "Telekom" turnir cədvəlinin birinci pilləsinə yüksəlib. "Azərreyl" 13 xalla ikinci, "Azəryol" 11 xalla üçüncü pillədə yer alıb. Aktivində 3 xal olan "Lokomotiv" isə dördüncü yerdə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə