Akrobatika gimnastikası üzrə yarışlar başlayıb FOTO

Akrobatika gimnastikası üzrə yarışlar başlayıb FOTO

Bakıda davam edən birinci Avropa Oyunları çərçivəsində medal uğrunda mübarizəyə iyunun 17-də Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə yarışan idmançılar qoşulublar. SİA-nın xəbərinə görə, ilk olaraq xalçaya Portuqaliya idmançıları çıxıb. Portuqaliya idmançılarının hesabında 27, 050 xal var. Sonra isə tamaşaçılar Azərbaycan akrobatika gimnastlarının çıxışlarını alqışlarla izləyiblər.

"Bakı-2015" birinci Avropa Oyunlarının proqramına daxil edilmiş iki qeyri-Olimpiya gimnastika növündən biri olan akrobatika gimnastikası üzrə yarışlar iyunun 21-dək davam edəcək. Bu yarışlarda idmançılar ümumilikdə altı medal uğrunda mübarizə aparacaqlar. Qarışıq cütlərdə və qadın qruplarında 53 idmançı qızıl medal uğrunda yarışacaq.

Fiziki hərəkətlər kimi akrobatika hələ qədim dövrlərdən məlum olmuşdur. Akrobatikanın erkən nümunələrinə akrobatik hərəkətlərin əks etdirildiyi Homerin "İliada" əsəri də daxil olmaqla Meksika, Etruriya, Krit, Çin və Misir mədəniyyətlərində və ədəbiyyatlarında rast gəlmək olar. Akrobatika bir müstəqil idman növü kimi isə yalnız 1930-cu illərin əvvəllərindən təşəkkül tapmağa başlayıb.

Keçmiş Sovet İttifaqı, Polşa və Bolqarıstanın milli akrobatika federasiylarının təşəbbüsləri ilə 1973-cü ildə Beynəlxalq İdman Akrobatika Federasiyası (IFSA) təsis edilib. 1998-ci ildə IFSA Beynəlxalq Gimnastika Federasiyası (FIG) ilə birləşmək qərarına gəlmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə