Eldar Yusubov: “Kuboku Azərbaycanda saxlamaq üçün əlimizdən gələni edəcəyik” FOTOSESSİYA
Bu gün Bakıda keçiriləcək qadın voleybol komandaları üzrə Çempionlar Liqasının "Dördlər finalı" öncəsi mətbuat konfransı keçirilib. Siasport.az saytının məlumatına görə, tədbirdə CEV-in mətbuat xidmətinin rəhbəri Nikolay Markov, Türkiyənin "Vakıfbank" klubunun baş məşqçisi Ciovanni Quidetti, kapitanı Gözde Sonsırma, Azərbaycanın "Rabitə" klubunun baş məşqçisi Eldar Yusubov, kapitanı Sanya Staroviç, "Eczacıbaşı" (Türkiyə) klubunun baş məşqçisi Lorenzo Miçelli, kapitanı Esra Gümüş, Rusiyanın "Dinamo" klubunun baş məşqçisi Rişat Qilyazutdinov və kapitanı Maria Borodakova iştirak edib.
İlk olaraq CEV-in mətbuat xidmətinin rəhbəri Nikolay Markov oyunlar və təqvim barədə məlumat verib.
Daha sonra Türkiyənin "Vakıfbank" klubunun kapitanı Gözde Sonsırma Bakıda olduğuna görə sevindiyini qeyd edib. O, "Dördlər finalı"nda mübarizənin həyəcanlı olduğunu bildirib. Voleybolçu yenilməməyə çalışacaqlarını, amma yenilməzliyin əbədi olmadığını vurğulayıb.
Klubun baş məşqçisi Ciovanni Quidetti oyunların zədəsiz keçəcəyinə ümid etdiyini deyib. O, ilk olaraq əsas fikirlərini "Əczaçıbaşı" klubu ilə oyuna yönəltdiklərini qeyd edib.
"Eczacıbaşı" (Türkiyə) klubunun kapitanı Esra Gümüş Türkiyənin 2 klubunun dördlər finalında olmasının qardaş ölkə voleybolu üçün bayram olduğunu bildirib. O, 2 günlük performansın kimin daha güclü olduğunu göstərəcəyini deyib. Voleybolçu "Vakıfbank"ın son çempion olmasına görə fovarit olduğunu, ancaq kuboku qazanmaq üçün əllərindən gələni edəcəklərini qeyd edib.
Klubun baş məşqçisi Lorenzo Miçelli Azərbaycanda olduğuna görə sevindiyini, Avropanın ən güclü 4 klubuna qarşı oynacaqlarına görə həyəcanlı olduqlarını bildirib. Mütəxəssis 4 ildir ki, bu klubda baş məşqçi olduğunu qeyd edərək, kuboku komadasına hədiyyə etmək istədiyini vurğulayıb. O, əsas məqsədlərinin "Dördlər finalı"na vəsiqə qazanmaq olduğunu bildirərək, bunun öhtəsindən gəldiklərini deyib: "Yarışda çempion olsaq da, olmasaq da biz məqsədimizə çatmışıq".
Rusiyanın "Dinamo" klubunun kapitanı Maria Borodakova Bakının çox gözəl şəhər olduğunu qeyd edərək, paytaxt sakinlərinin mehriban və qonaqpərvər olduqlarını bildirib. O, yarışda maraqlı görüşlərin olacağını vurğulayıb. Voleybolçu gərgin oyun qrafikinə öyrəşdiyini, fiziki durmunda heç bir problem olmadığını deyib: "Oyunlara həm psixoloji, həm də digər cəhətlərdən tam hazırıq".
"Dinamo"nun baş məşqçisi Rişat Qilyazutdinov təşkilatçılığın yüksək səviyyədə olduğunu deyərək, iştirakçılara uğurlar arzulayıb.
Təmsilçimiz "Rabitə" klubunun kapitanı Sanya Staroviç "Dördlər finalı"na ev sahibliyi etməyin, azarkeşlərin dəstəyinin komandaya əlavə stimul olduğunu deyib. O, qalib gələcəklərinə ümid etdiyini qeyd edərək, yarışın gərgin keçəcəyini bildirib.
"Rabitə"nin baş məşqçisi Eldar Yusubov qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduqlarını deyib. Mütəxəssis yarışın qalibi olmaq üçün komandasının bütün gücü ilə oynayacağını vurğulayıb: "Kuboku Azərbaycanda saxlamaq üçün əlimizdən gələni edəcəyik". Baş məşqçi iştirakçılara uğurlar arzulayıb.
Qeyd edək ki, "Dördlər finalı"nda ilk oyun martın 15-də "Vakıfbank" komandası ilə "Eczaçıbaşı" arasında keçiriləcək. Növbəti oyunda isə "Rabitə" kollektivi "Dinamo"nu qəbul edəcək.
Elgün Vidadioğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB