Yığmamız beynəlxalq turnirdə ikinci oldu

Yığmamız beynəlxalq turnirdə ikinci oldu

Belarusun paytaxtı Minsk şəhərində Olimpiya çempionu Oleq Karavayevin xatirəsinə həsr olunmuş güləş üzrə XIX beynəlxalq turnir başa çatıb. Siasport.az saytının məlumatına görə, yunan-Roma güləşi üzrə komandalararası xarakter daşıyan bu yarışda 8 heyət iştirak edib. Azərbaycan, Rusiya, Ukrayna, Litva, Qazaxstan, Polşa və Belarusu təmsil edən iki komanda turnirin qalibi olmaq uğrunda mübarizə aparıb.

Azərbaycan yığması Polşa, Litva və Belarus-1 komandaları ilə "B" yarımqrupunda mübarizə aparıb. Qrupda bütün görüşlərini qələbə ilə başa vuran güləşçilərimiz finala vəsiqə qazanıblar. Finalda rəqib "A" yarımqrupunun birincisi Rusiya təmsilçiləri olub. Final görüşündə 5:2 hesabı ilə məğlub olan güləşçilərimiz turniri ikinci sırada tamamlayıblar. Rusiya birinci, Belarus-1 komandası isə üçüncü olub.

Yunan-Roma güləşi üzrə yığma komandamızı böyük məşqçi Şaban Donatın rəhbərliyi altında turnirdə Eldəniz Əzizli (55 kq), Kamran Məmmədov (60 kq), Həsən Əliyev (66 kq), Niyaməddin İbrahimov (74 kq), Elməddin Abdullayev (84 kq), Araz Həsənov (96 kq) və Zaur Mehrəliyev (120 kq) təmsil edib.

Görüşlərin idarə edilməsində Azərbaycandan beynəlxalq dərəcəli hakim Asif Şirəliyev iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə