Azərbaycan ilə Macarıstan arasında gənclər və idman sahəsində qarşılıqlı əməkdaşlıq haqqında saziş imzalanıb

Gənclər və idman naziri Azad Rəhimov Bakıda keçirilən "Böyük İpək Yolu" Beynəlxalq gənclər konqresində iştirak edən Macarıstanın sosial ailə və gənclərlə iş üzrə dövlət katibi Mikloş Solteslə görüşüb.
Siasport.az saytı xəbər verir ki, görüşdə Azad Rəhimov qonağa ölkəmizdə gənclər və idman sahəsində görülən işlər, qəbul olunan dövlət proqramları, Azərbaycan idmançılarının London Yay Olimpiya Oyunlarına hazırlığı, idman infrastrukturunun yenilənməsi, idman növlərinin inkişafı və bu istiqamətdə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.
Hazırda ölkədə 34 Olimpiya idman kompleksinin fəaliyyət göstərdiyini bildirən nazir deyib ki, bundan əlavə 12 kompleks də tikilməkdədir: "Biz 2015-ci ildə qitənin tarixində ilk dəfə olaraq keçirilməsi nəzərdə tutulan Avropa Olimpiya Oyunlarına, 2016-cı il şahmat Olimpiadasına, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmək niyyətindəyik və bu istiqamətdə çalışırıq."
Mikloş Soltes də öz növbəsində "Böyük İpək Yolu" Beynəlxalq gənclər konqresində iştirakından məmnun olduğunu bildirərək qeyd edib ki, xaricdə təhsil alan azərbaycanlı gənclərin Macarıstanda keçirilmiş forumundan məmnundur və gənclər və idman sahələrinin inkişafını prioritet sahə hesab edir.
Görüşdə Azərbaycan ilə Macarıstan arasında əlaqələrin daha da möhkəmləndirilməsi məqsədi ilə gənclər və idman sahəsində qarşılıqlı əməkdaşlıq haqqında saziş imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə