Azərbaycan ilə Macarıstan arasında gənclər və idman sahəsində qarşılıqlı
əməkdaşlıq haqqında saziş imzalanıb
28 İyun 2012 13:34 (UTC+04:00)
Gənclər və idman naziri Azad Rəhimov Bakıda keçirilən "Böyük İpək Yolu"
Beynəlxalq gənclər konqresində iştirak edən Macarıstanın sosial ailə və
gənclərlə iş üzrə dövlət katibi Mikloş Solteslə görüşüb.
Siasport.az saytı xəbər verir ki, görüşdə Azad Rəhimov qonağa ölkəmizdə gənclər və
idman sahəsində görülən işlər, qəbul olunan dövlət proqramları,
Azərbaycan idmançılarının London Yay Olimpiya Oyunlarına hazırlığı,
idman infrastrukturunun yenilənməsi, idman növlərinin inkişafı və bu
istiqamətdə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.
Hazırda ölkədə 34 Olimpiya idman kompleksinin fəaliyyət göstərdiyini
bildirən nazir deyib ki, bundan əlavə 12 kompleks də tikilməkdədir:
"Biz 2015-ci ildə qitənin tarixində ilk dəfə olaraq keçirilməsi nəzərdə
tutulan Avropa Olimpiya Oyunlarına, 2016-cı il şahmat Olimpiadasına,
2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmək
niyyətindəyik və bu istiqamətdə çalışırıq."
Mikloş Soltes də öz növbəsində "Böyük İpək Yolu" Beynəlxalq gənclər konqresində iştirakından məmnun olduğunu bildirərək qeyd edib ki, xaricdə təhsil alan azərbaycanlı gənclərin Macarıstanda keçirilmiş
forumundan məmnundur və gənclər və idman sahələrinin
inkişafını prioritet sahə hesab edir.
Görüşdə Azərbaycan ilə Macarıstan arasında əlaqələrin daha da
möhkəmləndirilməsi məqsədi ilə gənclər və idman sahəsində qarşılıqlı
əməkdaşlıq haqqında saziş imzalanıb.