"Gecənin əfsanələri" Bakıda coşqu yaratdı: "Legend Cars", kartinq finalı və drift-şou bir arada - FOTOLAR

İyulun 19-da Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti, “Caspian Event Organisers” və Dənizkənarı Bulvar İdarəsi ilə birgə əməkdaşlıq çərçivəsində “Gecənin əfsanələri” (Legends of The Night) adlı yarış, kartinq çempionatının finalı və drift şou keçirilib. SİA xəbər verir ki, Dövlət Bayrağı Meydanında xüsusi hazırlanmış trasda 12 peşəkar pilot klassik dizaynla müasir texnologiyanı birləşdirən kompakt avtomobillərlə mübarizə aparıb. Yarış izləyicilərə parlaq və dinamik atmosfer bəxş edib. 25 dövrəlik gərgin mübarizənin yekununda birinci yerin sahibi Adil Axundov, ikinci yerin sahibi Fərid Quliyev, üçüncü yerin sahibi isə Elvin Xudaverdiyev olub.

Tədbir çərçivəsində 12-15 yaşlı pilotlar arasında kartinq üzrə çempionatın final mərhələsi də keçirilib. Bu unikal yarış “Baku City Karting” trekində 12–16 iyul tarixlərində təşkil edilən test yürüşləri ilə başlayıb və nəticədə 20 ən yaxşı gənc pilot seçilib. İyulun 18-də Dövlət Bayrağı Meydanında qurulan xüsusi trasda sərbəst yürüşlər və təsnifat mərhələsi keçirilib. Bu, gənc pilotlara real yarış atmosferini hiss etməyə imkan verib. Nəticədə 10 finalçı müəyyən olunub.

İyulun 19-da keçirilən 15 dövrəlik final yarışı isə əsl avtomobil idmanı bayramına çevrilib. Gərgin və maraqlı mübarizədə qalib Teymur Rəhimov, ikinci və üçüncü yerləri isə müvafiq olaraq Rafiq Kazımlı və Ömər Şahmuradlı qazanıb. Bütün qaliblər kubok və xatirə hədiyyələri ilə təltif olunub.

Axşam proqramı çərçivəsində baş tutan drift-şou, avtomobil və motosikletlərlə ekstremal tryuklardan ibarət “Stunt Show”, eləcə də motosiklet şousu qonaqlara unudulmaz emosiyalar və adrenalin yaşadıb. Şounun əsas ulduzları dünya üzrə 20-dən çox rekordun sahibi olan britaniyalı avtokaskadyor Terri Qrant, Böyük Britaniyanın çoxqat fristayl çempionu, motokaskadyor Li Bauers və İrlandiyadan olan peşəkar drift pilotu Neyl Qan olub.

Bütün xəbərlər Facebook səhifəmizdə