Avropa çempionatında iştirak edən millimiz ÖZ FİKİRLƏRİNİ SİA İLƏ BÖLÜŞDÜ - SORĞU

Ötən gün Rumıniyanın paytaxtı Buxarestdə U-23 Avropa çempionatı keçirilib. Avropa şempionatında Azərbaycanın güləş üzrə milli komandası da iştirak edib. Belə ki, 3 qızıl, 1 gümüş medal qazanan yunan-Roma güləşi üzrə milli komandamız dünən gecə vətənə qayıdıb. Mövzu ilə əlaqədar olaraq SİA onlar arasında sorğu keçirib.

Yunan-Roma üzrə güləşçi Elmir Əliyev: “U-23 Avropa çempionatına hazırlaşmaq məqsədi ilə çox yaxşı məşq-toplanışları keçirmişdik. Bu səbəbdən yarışlara hazır vəziyyətdə idim. Mənim üçün ilk yarış idi ki, -60kq çəkidə çıxış edirdim. İlk rəqibim daha əvvəl də qalib gəldiyim türk idi. Çox güclü rəqib hesab etmək olar, lakin hər şeyə rəğmən 6:5 hesabı ilə qalib gəldim. Yarımfinalda isə Gürcüstan idmançısına 7:1 hesab ilə qalib gəlməyi bacardım. Finalda isə İsraildən olan idmançı ilə qarşılaşdıq, onunla məşq-toplanışlarımız oxşar olduğu üçün bir-birimizin fəndlərini yaxşı bilirdik. Buna baxmayaraq ona da 5:3 hesabı ilə qalib gəldim və beləliklə, Avropa çempionu oldum. Ümumilikdə, yarış yaxşı səviyyədə təşkil edilmişdir”.

Yunan-Roma güləşçisi Xasay Həsənli: “Ruminyanın Buxarest şəhərində keçirilən U-23 Avropa çempionatı mütəşəkkil formada təşkil olunmuşdur. Bu çempionatdakı çıxışım məni qane etmədi. Ancaq mən bu yarışa Avropa çempionu olmaq üçün getmişdim. İlk görüşüm türk idmançısı ilə idi, ona 10:0 hesabı ilə qalib gəldim. Daha sonra 4/1 finalda litvalı idmançıya 9:0, yarımfinalda isə ukraynalı idmançıya 5:0 hesabı ilə qalib gəldim. Finalda isə moldovalı idmançıya 6:3 hesabı ilə məğlub oldum və qalib ola bilmədim”.

Yunan-Roma güləşçisi Murad Əhmədiyev: “Yarış çox yüksək səviyyədə keçdi. Biz komanda olaraq Avropa çempionatına çox yaxşı şəkildə hazırlaşmışdıq. Yarışdakı qarşılaşmalarım barədə onu qeyd edə bilərəm ki, ilk görüşümdə serb idmançısını 7:2, ikinci görüşdə isə ukraynalı güləşçini 5:2 hesabla məğlub etdim. Yarımfinalda isə alman güləşçisinə qalib gələrək finala yüksələ bildim. Finalda qarşılaşdığım macarlı idmançı Dünya və Avropa çempionu, eyni zamanda, Olimpiya iştirakçısıdır. Lakin bütün bunlara baxmayaraq, ona da qalib gələrək çempion ola bildim. Həmçinin, mənim ilk yarışım idi ki, -97 kq çəki dərəcəsində olan türk idmançı ilə güləşirdim”.

Yunan-Roma güləşçisi Qurban Qurbanov: “Yarış barədə onu qeyd edə bilərəm ki, qarşılaşmalar normal səviyyədə təşkil olunmuşdur. Fikrimcə, yarış ümumilikdə komandamız üçün yaxşı keçdi. Mənim ilk rəqibim xorvatiyalı idi. Bütün qarşılaşmalarımda rəqiblərimə qalib gələrək finala gedib çıxdım. Finalda isə ukraynalı idmançıya qalib gələrək Avropa çempionu oldum”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə