Təlim maşını qayda pozduqda məsuliyyəti KİM DAŞIYIR? - EKSPERT DANIŞDI

“Təlim maşınları ilə bağlı "Yol hərəkəti" haqqında qanunda bütün müddəalar öz əksini tapıb. Düşünürəm ki, başqa bir qanunun qəbuluna da ehtiyac yoxdur. Təlim maşınlarında baş verən qayda pozuntularına görə təlimçi məsuliyyət daşıyır”. Bu sözləri SİA-ya açıqlamasında yol hərəkətləri qaydaları üzrə ekspert Elməddin Muradlı bildirib.

Onun sözlərinə görə, təlimçi bizim qanunvericiliyə görə sürücü kimi sükan arxasına əyləşir: “Onun sürücülük vəsiqəsi var və o təlimçi olduğuna görə yol hərəkəti qaydalarını daha yaxşı bilir. Təlim keçdiyi şəxsə də ən azından ilkin vərdişləri qapalı şəraitdə öyrətdikdən sonra ümumi istifadədə olan yollara çıxa bilər. Beləliklə məsuliyyət onun üzərindədir. Təlimlər mükəmməl şəkildə keçirilməlidir ki, neqativ hallar da baş verməsin.

Təlim maşınlarının hərəkəti ilə bağlı qanunvericilikdə bütün müddəalar öz əksini tapıb. Təlim maşınları nələrlə təchiz edilməlidir, hansı zolaqlarda hərəkətdə olmalıdır bunlar qeyd olunub. Amma təəssüflər olsun ki, bizim bəzi təlimçilər var ki, onların özlərinə təlim keçirilməlidir. Adları təlimçi olsa belə bəzilərinin təlimlə bağlı heç bir fikirləri yoxdur. Ən azından biz onları sosial şəbəkələrdə görürük. Telefon əllərində yol hərəkəti qaydalarını pozurlar, təlim keçməyi unudur, ancaq reklamla məşğul olurlar. Hətta bəzən onlar təlimdən video görüntülər paylaşdıqda görürük ki, təlimi də səhv keçir, vətəndaşlara səhv fikirlər verirlər. Buna görə də bu şəxslərin özlərinin sertifikatlaşdırılması vacib məsələdir. Onlar sertifikatlaşdırıldıqdan sonra biləcəyik ki, hansı təlimçi yaxşıdır, hansı pis”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə