Uşağın atası ilə körpəlikdən başlayan münasibəti onu gələcəyə hazırlayır. Atası ilə münasibət nə qədər güclü və sağlam olarsa, uşaq da bir o qədər sağlam olar. Sevmək, vaxt ayırmaq, əhəmiyyət vermək, onu anlamağa çalışmaq uşağınızın gələcəkdə daha yaxşı yetkinlik dövrünə keçməsinə kömək edəcək və aranızdakı bağları gücləndirəcək.
Ünsiyyət hər sahədə vacib olduğu kimi ata və uşaq arasında yaxınlaşma və anlaşmanın da əsasını təşkil edir. Uşağın həyatı dərk etməsi, doğru ilə yanlışı ayırd etməsi üçün ixtiyar sahibi olan ata arasında ünsiyyət sağlam olmalıdır. Bu əslində düşündüyümüz qədər çətin deyil. Ata ilə uşaq arasında sadə və sağlam münasibət qurmaq üçün övladımızı böyükləri dinlədiyimiz qədər diqqətlə dinləməli, göz təması qurmalı, onlarla düzgün rəftar etməliyik.
Uşaqlar doğulduğu andan həyatı anlamağa və öyrənməyə başlayır. Uşaq körpəlik dövründən etibarən atası ilə ünsiyyətini üz ifadələri, səslər və reaksiyalarla paylaşmağa çalışır. Psixoloqlar uşaqların öyrənmələrinin ən sürətli yolunun “görərək öyrənmək” olduğunu vurğulayır. Yəni ataların övladlarına qarşı davranışları, öyrətmələri, övladlarının həyat təcrübələrinin yerini almağa başlaması qaçılmazdır. Bir ata olaraq övladınızı gələcəyə hazırlamaq və düzgün öyrətmək istəyirsinizsə, bunu öz davranışınızdan başlayaraq etməlisiniz.
Qorxu və sevgisizlik üzündən uşaq üzərində heç bir hakimiyyət qurulmur. Uşağınızı sevmək və ona bunu fiziki olaraq hiss etdirmək, onun bəyənmə və qəbul etmə hissini gücləndirir, daha sevgi dolu bir fərd olaraq həyatına və insan münasibətlərinə müsbət təsir göstərir.
Sevilmək və bəyənilmək hissi insanın var olduğu gündən bəri ən vacib ehtiyaclarından biridir. Uşaq sevildiyini, başa düşüldüyünü, söz sahibi olduğunu bildiyi bir mühitdə öz muxtariyyətini təmin edəcək gücə çatır və özünü ifadə edən fərdə çevrilir. Siz uşaq üçün sərhədlər təyin edə bilərsiniz, lakin bu, uşağın danışmasına imkan verməyən, müzakirə olunmayan sərhədlər olmamalıdır. Məsələn, "Bunu etmə" demək əvəzinə, uşağa hər hansı bir mövzuda seçim təklif edə bilərsiniz. Beləliklə, onun müsbət və ya mənfi davranışlarına görə məsuliyyət daşımasını və nəticədə təsirlənəcək şəxsin özü olduğunu başa düşməsini təmin edə bilərsiniz.
Cəmiyyətdə verilən tövsiyələr əslində dağıdıcı inam itkisinə, uşaqda günahkarlıq hissinə və ataya qarşı qəzəbinə səbəb ola bilər. Unutmaq olmaz ki, övladını cəmiyyətə gətirmək istəyən ata dediyi və uşağına gətirmək istədiyi davranışları əvvəlcə həyata keçirməlidir. Əks halda uşaqda qarşıdurma mühiti yarana bilər və həyata hazırladığınız məsələlərə qarşı verdiyiniz məsləhətlər dəyərini itirə bilər.
Ataları tərəfindən baxımsız qalan uşaqlar gündəlik tələskənlik, iş, həyat, evlilik və həyat şərtləri ilə mübarizə apararkən emosional və mənəvi çöküş yaşaya bilər. Atanın uşaqla vaxt keçirməsi və onunla keyfiyyətli fəaliyyətlər etməyə hazır olması lazımdır. Ata və uşağın birlikdə keçirəcəkləri keyfiyyətli vaxtın aralarındakı bağı gücləndirəcəyini vurğulayan mütəxəssislər, “sevmək, vaxt ayırmaq, əhəmiyyət vermək, onu anlamağa çalışmaq uşağınızın gələcəkdə daha yaxşı bir yetkinliyə keçməsinə kömək edəcək və aranızdakı bağları gücləndirəcək” deyib. Gələcəyimiz olan övladlarımıza sevgi dolu bir həyat buraxmaq üçün uşaqlarımızı sevgi dolu bir mühitdə böyütməli, onlara sevildiklərini hiss etdirməliyik.
Zorakılıq anlayışını fiziki zorakılıq, psixoloji zorakılıq, cinsi zorakılıq və iqtisadi zorakılıq kimi təsnif etmək olar. Ancaq özünü müdafiə edə bilməyən balaca balalarımızın tez-tez qarşılaşdıqları şiddət növü fiziki və psixoloji zorakılıqdır. Hamımızın bildiyi kimi, fiziki zorakılıq böyük zərər və sonradan dolayı yolla psixoloji zərər verən fiziki müdaxilələr toplusudur. Psixoloji zorakılıq isə fiziki zorakılıqla birlikdə istifadə oluna bilər və ya təzyiq, hədə-qorxu, alçaldılma və alçaldılma motivləri ilə tək başına edilə bilər.
Uşaqlara fiziki və ya psixoloji zorakılıq tətbiq olunmasından asılı olmayaraq, onun törədə biləcəyi təsirlər böyüklərlə müqayisədə ağır nəticələrə səbəb ola bilər. Məsələn, böyüklərə şifahi hücum etmək və uşağa hədə-qorxu gəlmək və eyni hüquqa zidd hərəkəti etmək cinayətini törətmək onun yaratdığı təsir baxımından fərqli olacaq. Məsələn, bir yetkinin məruz qaldığı sadə bir yanlış hərəkət kiçik bir körpənin kabus görməsinə, psixologiyasının pisləşməsinə və hətta dilinin tutulmasına səbəb ola bilər. Bu səbəbdən Türkiyə Cəza Məcəlləsi və digər qanuni tənzimləmələrin hazırlanmasında özünü müdafiə edə bilməyən insanlara və uşaqlara qarşı törədilən cinayətlər daha ağır cəzalarla nəticələnir. Eynilə, ailənin qorunması və qadınlara qarşı zorakılığın qarşısının alınması ilə bağlı qanunvericiliyimizdə təhlükəsizlik tədbirləri yüksək səviyyədədir.
SİA məsələ ilə bağlı araşdırma apararaq psixoloq, sosioloq və hüquqşünasların fikirlərini öyrənib.
Psixoloq Fidan Namazova: “Son zamanlarda biz nəinki ataların, həmçinin müəllimlərin və uşaq üzərində himayəsi olan şəxslərin uşaqlara qarşı şiddətinin şahidi oluruq. Bu əslində hər zaman var olub və indi də var.
Kişilərə ata olmağı, atalıq etməyi öyrətmirlər. Ata olmaq yalnız pul qazanmaq və ailəni dolandırmaqdan ibarət deyil. Atanın uşağa göstərdiyi şiddət ona daha ağır gəlir. Çünki ata uşağın gözündə müdafiə edən, qoruyan şəxs obrazıdır. Bunu tərbiyə metodu kimi istifadə edənlər az deyil. Bu qayda heç düzgün deyil. Uşaq bizdən nə qədər qorxursa o qədər uzaqlaşır və nə qədər uzaqlaşırsa o qədər pis əməllərə qurşanır.
Bundan çıxış yolu atanın övladı ilə zaman keçirməsi nəticəsində olur. Atanın övladı ilə zaman keçirməsi normallaşmalıdır. Yəni, bu qadın işinə çevrilməməlidir. Uşağın ata qayğısına çox böyük ehtiyacı var. Gündə 10 dəqiqə də olsa atanın uşaqla göz kontaktı qurması, ona güvən aşılaması vacibdir.
Burada oğul böyüdən anaların da çox böyük rolu var. Onlar oğullarına kiçik yaşlarından atanın necə olmasını aşılamalıdır ki, o uşaq böyüyəndə ata olmağın nə olduğunu dərk etsin.
Müəyyən yaşa çatmış və yanlış tərbiyə almış kişilər dərk etməlidir ki, zorakılıq heç bir yaxşı nəticəyə gətirib çıxara bilməz. Düşünməyin ki, qol gücü vasitəsilə özünüzə tabe etdiyiniz uşaq şəxsiyyət olacaq”.
Azərbaycan Uşaqları İctimai Birliyinin hüquqşünası Fariz Əkbərov: “Valideynlərin boşanması və ya ayrı yaşamaq barədə qərarı uşaqların əksəriyyətinə xüsusi zərər vurur. Bəzi hallarda uşaqlara valideynlərin dərhal ayrılması deyil, məhz boşanmaya qədər, boşanma vaxtı və boşanmadan sonrakı müddətdə onların arasındakı mübahisələr zərər vurur. Təbii amil uşağın psixi sağlamlığında başlıca məsələdir. İrsilik narahatlıq, depressiya və psixoz kimi cavab reaksiyalarının meydana çıxmasında əhəmiyyətli rol oynayır. Valideyn məsuliyyəti valideyn (ata, ana, qanuni nümayəndə) üzərinə düşən hüquq və kimi başa düşülür.
Uşağın böyüdülməsi, cəmiyyətdə layiqli fərd kimi yetişdirilməsində hər iki valideynin rolu önəmlidir. Bu məsələdə hər hansı iş bögüsünün aparılması yolverilməzdir və hər iki valideyn bu məsuliyyəti bərabər bölüşməlidir.
Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Törədilmiş xəsarətin nəticəsindən asılı olaraq valideyn inzibati məsuliyyətə eyni zamanda əgər xəsarət yüngül, az ağır olsa cinayət məsuliyyətinə cəlb edilməsi mümkündür. Əgər valideynlərinin hər ikisinin bir yerdə uşağa işgəncə verməsi faktı təsdiq olunarsa, belə olan halda cinayət məcəlləsinin 133-cü maddəsi ilə əzab vermə, 2 ildən 5 ilə kimi azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Uşaqlar hər yaş dövründə fərqli olur. Buna görə də onlarla davranışda buna xüsusi diqqət göstərilməlidir. Ümumiyyətlə, uşağı nəyisə eləməyə və ya eləməməyə vadar etmək üçün ona fiziki cəza tətbiq edən, hədə-qorxu gələn valideynlər hazır olmalıdırlar ki, gələcəkdə uşaq onlara daha çox problem yaradacaq”.
SİA araşdırma mövzusu ilə bağlı şəhər sakinlərinin fikirlərini də öyrənib.
Şəhər sakini Sona Şıxəmirli: “Məncə, burada söhbət konkret olaraq ata-uşaq münasibətindən yox, insan faktorundan gedir. Nəinki uşağına, ümumiyyətlə, içində bir insana qarşı sevgi hissi olan biri belə hərəkət etməz. Məncə, ata-övlad münasibəti dost kimi olmalıdır. Uşaq atasını, anasını həyatda dostu kimi qəbul etməli və dərdini ilk ona deməlidir. Amma təəssüf ki, bəzi ailələrdə belə deyil. Mənim fikrimcə, bir uşağa tərbiyə verməklə, sevgi vermək fərqli anlayışdır. Tərbiyə ən pis halda sonradan formalaşa bilər. Amma sevgi əgər uşağın qəlbinə uşaq ikən hopdurulmayıbsa, sonradan onu qazanmaq çətindir”.
Şəhər sakini Fatma Abdulla: “Hər bir halda uşaqlar atadan qorxmamalıdır. Amma hörmət etmək lazımdır. Ata məfhumu çox böyük məna daşıyır. Təbii ki, bu adı layiqlə danışa bilənə. Uşaqlıqdan qaynaqlanan bəzi travmalar, valideyn olmağa hazırlıqlı olmamaq kimi hallarda ataların övladlarına qarşı zor tətbiq etdiyinin, düzgün davranışlar sərgiləmədiyinin şahidi oluruq. Bu təbii ki, çox cansıxıcıdır. Şəxslər ailə həyatı qurarkən evliliyə, valideyn olmağa hazırlıqlı olmalıdır. Ata-övlad münasibəti başlıca olaraq sevgi və qayğı çərçivəsində həyata keçirilməlidir”.
Şəhər sakini Ləman Babayeva: “Son zamanlar baş verən hadisələr heç xoş deyil. Mən bütün bu olanları həmin valideynlərin öz valideynləri tərəfindən sevgisiz, qayğısız qalması ilə əlaqələndirirəm. Nəticə etibari ilə onlar da öz ailələrindən gördüklərini uşaqlarına ötürürlər ki, buna da şiddət, nalayiq sözlərdə daxildir. Qaldı ki, öz övladını öldürmək bunu sadəcə vəhşilik adlandırmaq olar. Düşüncə qabiliyyətinə malik olan heç bir şəxs Allahın övladına verdiyi nəfəsi kəsə bilməz. Bu insanlığa sığmayan davranışdır. Həmçinin cəmiyyətimizə, gələcək nəsilə birbaşa psixoloji təsir edən mənfi nümunələrdir. İnsanlar bu cür davranışlarına görə şiddətlə qınanmalı hətta ömürlük həbsə məruz qalmalıdır”.
Şəhər sakini Aysu Məmmədova: “Ümumiyyətlə şiddətin təməli ailədən gələn bir şeydir. İnsan uşaqlıqda öz ailəsində nə görürsə gələcək həyatında bunu da istər istəyərək, istərsə də şüuraltı olaraq istəməyərək öz həyatına tətbiq edir. Bəzi dırnaqarası atalar var ki, bu şiddətlə böyüyür və öz yaşadıqlarını gələcəkdə öz uşaqlarına yaşadır. Bir növ şüuraltı olaraq öz keçmiş yaşantılarının heyfini öz uşaqlarından çıxır. Bəzilərinə görə isə şiddət uşağı daha böyük xətalardan qoruma şəklidir. Hansı ki məncə bu da psixoloji olaraq doğru düşünə bilməyənlərin yanaşma tərzidir. Əslində bu insanın xarakterindən və vicdanındanda asılıdır. Məncə, ata-uşaq münasibətinin kökləri güvənə dayanmalıdır. Ata uşağına güvən verməlidir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə