Kəlbəcər qədim yaşayış məskənlərindən biridir

"Kəlbəcər" toponiminin mənşəyi qədim türk dilində (oykonimin ilkin forması Kevliçer kimi qəbul edilib) "çay üstündə qala" deməkdir. Kevli "çayın üstü", çer/car "qala" mənasını verir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Buna görə də mütəxəssislər toponimi kevil/kəvl və qədim türk dillərindəki cər (qaya, yarğan) komponentləri ilə əlaqələndirirlər.

Kəlbəcərdəki oronomik toponimlərin hamısı türk mənşəlidir. Bir sıra qədim türk tayfalarının adı bu gün də bu toponimlərdə yaşayır

Kəlbəcər ən qədim insan məskənlərindən biridir. Bu ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Bu dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb.

Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb.

Kəlbəcərdə "Türk qəbristanlığı" adı ilə tanınan bir neçə qədim məzarlıq var. Bunların ən böyüyü Tirkeşəvənd, Kəlbəcər, Zar və b. kəndlərin ərazisindədir. Qəbirstanlıqlar müxtəlif əsrlərdə yaradılmış, forma və ölçüləri ilə bir-birindən fərqlənən at, qoç, sandıq qəbirüstü fiqurlar, başdaşı və günbəzlərlə zəngindir.

Kəlbəcər dəniz səviyyəsindən 1500-3800 metr yüksəklikdə, Tərtər çayı vadisində, Kiçik Qafqaz dağlarında yerləşir. Rayon zəngin flora və faunaya malik təbiət muzeyidir.

Kəlbəcər inzibati rayon kimi 8 avqust 1930-cu ildə yaradılmışdır. Ərazisi 3054 kvadrat kilometrdir. Rayona bir şəhər, bir şəhər tipli qəsəbə (İstisu) və 128 kənd daxildir. Dəlidağ, Keyti, Murovdağ, Kəpəz, Şərgi Göyçəgölü, Göyçənin Mıxtökən, Qarabağ yaylasının bir hissəsi Kəlbəcərin təbii sərhədləri tərkibindədir. Ən yüksək zirvəsi olan Camışdağın (Murov dağının zirvəsi) hündürlüyü 3724 metrdir.

1993-cü ildə ermənilər tərəfindən işğal edilən rayon 2020-ci ilin noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata uyğun olaraq, Azərbaycana təhvil verilib. Prezident İlham Əliyevin göstərişi ilə digər tarixi-mədəni, dini abidələrimiz kimi, Kəlbəcər rayonunun ərazisində yerləşən tarixi-dini abidlərimiz, o cümlədən məscidlər bərpa olunacaq. Rayon faydalı qazıntılarla, o cümlədən qızıl, civə və qiymətli tikinti materialları (tuf, perlit, obsidan, travertin, və s.) ilə zəngindir. Kəlbəcərin 280 min hektar ərazisini meşələr təşkil edir. Kəlbəcər rayonu ərazisində, Tərtər çayının sol sahilində yerləşən, xalq arasında “Xotavəng” və ya “Xudavəng”, yəni “Tanrı məbədi” adlandırılan monastır kompleksi Qafqaz Albaniyası dağıldıqdan sonra (IX əsrdə) Qarabağın dağlıq hissəsində yaranmış Xaçın Alban knyazlığının dini mərkəzi olmuşdur. Kompleksdə alban yepiskopunun iqamətgahı olmuş və dini maarif mərkəzi fəaliyyət göstərmişdir. Arxeoloji tədqiqatların nəticələri göstərir ki, monastırın əsası VI-VII əsrlərdə qoyulmuşdur. Mehranilər sülaləsindən olan Xaçın knyazı Həsən Cəlalın oğlu Vaxtanq kompleksin ərazisində geniş tikinti işləri aparmış, Arzu xatun isə 1214-cü ildə əri Vaxtanqın və iki oğlunun xatirəsinə kompleksdə kilsə tikdirmişdir. Kilsənin şərq fasadında daş üzərində knyaz Vaxtanqın, cənub fasadında isə Arzu xatunun iki oğlunun təsvirləri həkk olunmuşdur. Alban knyazı tərəfindən inşa edilmiş baş kilsə memarlıq xüsusiyyətlərinə görə erməni və gürcü xalqlarının kilsələrindən fərqlənir.

Vəngli kəndində Xaçın çayının sol sahilində dağın üstündə ucaldılmış məşhur Qandzasar (Gəncəsər) monastırı Qafqaz Albaniyası xristian memarlığının ən görkəmli abidələrindən biridir. Monastırın divarında daş üzərindəki epiqrafik yazıda bildirilir: “Yüksək və böyük Arsax ölkəsinin hökmdarı, geniş vilayətin çarı, Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu Həsən Cəlal Dövlə və anası Xorişə Xatun tərəfindən 1216-1238-ci illərdə inşa edilmişdir”.

Albaniyada I əsrin ortalarında hakimiyyətə gəlmiş çar I Vaçaqanın nəslindən olan Arşakilər sülaləsinin hökmdarları “arşax”, VI əsrdən VIII əsrin əvvəlinədək hakimiyyətdə olmuş Mehranilər sülaləsinin hökmdarları isə “aranşax” adlandırılmışlar. 1261-ci ildə monqol-tatar işğalçıları tərəfindən İranın Qəzvin şəhərində qətlə yetirilmiş Həsən Cəlal Dövləni oğlu knyaz Atabəy Qandsazar monastırında dəfn etmişdir. Bu monastır 1511-ci ildən 1836-cı ilədək, yəni Rusiya Sinodunun (ölkənin ruhani idarəsi) rəsmi qərarı ilə Alban kilsəsi ləğv edilənədək, diofizit (Həzrət İsanın (ə) həm bəşəri, həm də ilahi sifətə malik olmasına inanmaq) alban xristianlarının iqamətgahı olmuşdur. Həsən Cəlalın nəslindən olan bir çox alban din xadimi bu monastır kompleksinin ərazisində dəfn edilmişdir. Hündür qala divarları ilə əhatə olunmuş Qandzasar kompleksinə alban xristian memarlığı üslubunda inşa edilmiş baş kilsə, ona bitişik dörd maili dam örtüyündə yüksələn monastır binası və qala divarlarına içəri tərəfdən hörülmüş tikililər daxildir. Monastır kompleksinin memarlıq üslubu, heykəltəraşlıq nümunələri və diofizit xarakterli elementlər bu abidənin çoxəsrlik ənənələri olan Qafqaz Albaniyası memarlığına aid olduğunu təsdiq edir. Uzun müddət yerli xristianların iqamətgahı olmuş monastır dinin baş xəzinəsi mənasında Gəncəsər adlanmışdır.

Tofiq Əsgərov, Masallı rayon Göyəçöl kəndi, təhsil işçisi

Bütün xəbərlər Facebook səhifəmizdə