Sürücülük vəsiqəsinin qiyməti ilə bağlı RÜSUMLAR NİYƏ ARTIRILDI? - EKSPERT ŞƏRH ETDİ

"Sürücülük vəsiqələri ilə bağlı dövlət rüsumunun artırılması Milli Məclisdə müzakirə olunur. Məsələ artıq Komitə iclasından keçib. Hesab edirəm ki, burada artım sırf sürücülük vəsiqəsinin hazırlandığı materialla bağlıdır. Çünki, əvvəllər sürücülük vəsiqələri adi qalın kağız formasında çap olunurdu və laminasiya ilə üzlənirdi". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı deyib.

Onun sözlərinə görə, indiki sürücülük vəsiqələri tamamilə başqa materialdan hazırlanır və xüsusi çiplə təchiz edilir: "Hətta, Dövlət Yol Polisinin açıqladığı məlumata görə, həmin sürücülük vəsiqələri gələcəkdə plastik kart kimi vətəndaşların işinə yaraya bilər. Orada bir çox informasiya daşıyıcıları öz əksini tapır və yerləşdirilir".

Ekspert sözlərinə belə davam edib: "Bu kifayət qədər bahalı materialdır və Azərbaycanda istehsal olunmur. Bura texniki pasport da daxildir. Düşünürəm ki, artım sırf bunlarla bağlıdır. Lakin, təklif olunan layihədə başqa artımlar da nəzərdə tutulub. Dövlət nömrə nişanlarının rüsumu da 500 manat artırıldı. Əslində, bu rüsum təxmini 2 ilə yaxındır ki, artırılmışdı. Sadəcə olaraq təsdiqlənməsi lazım idi. Dövlət Rüsumu adlı qanunla bu məsələ nizamlanacaq.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə