Süni intellekt insan həyatına necə təsir edəcək? - İKT ÜZRƏ EKSPERT AÇIQLADI

"Süni İntellekt istiqamətində hazırda dünya alimləri çoxistiqamətli araşdırmalar aparır, layihələr həyata keçirirlər. Bu sahənin inkişafı üçün külli miqdarda vəsait xərclənir. Əlbəttə ki, bütün bunlara rəğmən demək olar ki, qarşıdakı illərdə süni intellektlə çalışan maşınlar, cihazların sayı daha çox olacaq". Bu sözləri SİA-ya açıqlamasında İKT üzrə ekspert Rəşad Cəfərov deyib.

Onun sözlərinə görə, həmçinin bu cihazlar loru desək daha "ağıllı" işləyəcəklər: "Bunun fonunda sössüz ki, süni intellektin inkişafı insan həyatına müsbət təsirini göstərəcək, onun yaşam şəraitini asanlaşdıracaq. Hazırda süni intellektin inkişaf istiqamətləri çoxsahəlidir - təhsil, səhiyyə, maliyyə, aviasiya və s. Məhkəmə institutlarında belə süni intellektdən yararlanırlar. Bu sahənin inkişafı gələcəkdə kiberhücumlardan müdafiə istiqamətində də böyük əhəmiyyətə sahib olacaq. Süni intellektin inkişafı böyük vaxt tələb edən məsələlərin həllində xüsusən effektiv olacaq - çünki, fasiləsiz və istənilən yerdə çalışır. Uzaq gələcəyi nəzərdə tutsaq isə süni intellektin insan beyni səviyyəsində olacağını deməzdim, lakin ondan az fərqlənən bir səviyyədə ola biləcəyi gözlənilir. Xüsusən sərbəst qərarlar vermək kimi xüsusiyyətlərdən söhbət gedir. Sadəcə məlumat üçün qeyd edim ki, dünyanın demək olar bütün texnoloji böyük şirkətləri süni intellekt elmi-təqdiqat mərkəzlərini açıblar".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə