İki rayonda qanunsuz heyvan kəsimi məntəqələri aşkarlanıb FOTO

“Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 iyun tarixli 199 nömrəli Sərəncamının icrası ilə bağlı olaraq baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında satış məqsədi üçün heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aidiyyəti dövlət orqanları ilə birlikdə ardıcıl monitorinqlər, yoxlama-nəzarət tədbirlərini davam etdirir.

AQTA-dan SİA-ya verilən məlumaat görə, əhalinin sağlam qida məhsulları ilə təmin olunmasında heyvan kəsimi məntəqələrinin və bu istiqamətdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin üzərinə böyük məsuliyyət düşür. Bu məsuliyyətdən irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün heyvan kəsimi məntəqələrinin qida təhlükəsizliyi tələblərinə, gigiyenik norma və qaydalara uyğun fəaliyyət göstərməsi zəruri şərtlərdəndir.

Aparılan müntəzəm yoxlama-nəzarət tədbirləri zamanı qanunsuz heyvan kəsimi fəaliyyəti ilə əlaqədar aşkar olunmuş faktlarla bağlı Agentlik və aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər görülür. Bu istiqamətdə həyata keçirilən növbəti monitorinqlər zamanı paytaxtın Binəqədi və Yasamal rayonları ərazisində sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələri aşkar olunub. Aşağıda qeyd olunan foto şəkillərdə paytaxtın Yasamal (Məhəmməd Xiyabani küçəsi və Əsəd Əhmədov küçəsi) və Binəqədi (Səttar Bəhlulzadə küçəsi, Tayqa Ticarət Mərkəzi ilə üzbəüz) rayonlarında qanunsuz olaraq fəaliyyət göstərən heyvan kəsimi məntəqələrinin görüntüləri əks olunub.

Qida Təhlükəsizliyi Agentliyi bir daha qeyri-qanuni heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və bu sahədə qanunsuz fəaliyyət göstərməməyə çağırır. Sahibkarlar standartlara uyğun, müasir heyvan kəsimi və ət satışı məntəqələri yaratmaq üçün metodiki köməkliyin göstərilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə müraciət edə bilərlər. Eyni zamanda, qanunsuz heyvan kəsimi ilə məşğul olan şəxslərə müasir standartlara cavab verən heyvan kəsimi məntəqələrinin xidmətlərindən istifadə etmək tövsiyə olunur. Həmçinin vətəndaşlardan bu sahədə ictimai nəzarətin gücləndirilməsi üçün prosesdə fəal iştirak etmək, bu cür qanunsuz fəaliyyət göstərən, qida təhlükəsizliyi tələblərini kobud şəkildə pozan qanunsuz heyvan kəsimi məntəqələri ilə bağlı müvafiq qurumlara və Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə