Uğurlu müəllim olmağın sirləri SƏN DEMƏ... - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

“Uğurlu müəllim kimdir? Uğurlu müəllim hansı xüsusiyyətlərə malikdir? Bu istiqamətdə xeyli tədqiqatlar aparılıb. Xeyli yanaşmalar var və göründüyü kimi hələ də bu mövzu aktualdır. Uğurlu müəllim olmağın sirləri nədir? Birincisi, uğurlu müəllim odur ki, onda ruhən bütövlükdə daxildən gələn bir müəllimlik istedadı var. Müəllimlik həm də bir sənətdir. Bütün sənətlərdə bir fitri istedad, daxildən gələn bir hiss olmalıdır. İnsan o sənəti içində, o sənətin sahibi olmasından həzz alaraq yaşamalıdır. Yaxşı müəllim də əslində belə olmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti İlqar Orucov deyib.

Onun sözlərinə görə, bütövlükdə ümumiyyətlə yaxşı müəllim olmağın sirlərindən biri ondan ibarətdir ki, müəllim birmənalı olaraq öz ixtisasını bilməlidir: “O, daim öz üzərində çalışmalı, yəni peşəni sevməklə bərabər o istiqamətdə ali təhsil müəssisəsində oxuduğu bir dövrdə yiyələndiyi biliklərlə kifayətlənməməli, daim öz üzərində işləməlidir. Tutaq ki, sabah hər hansı bir sinifdə dərsi varsa, o dərsə qabaqcadan hazırlaşmalı və baxmayaraq ki, hətta uzun illər olsa belə o həmin ixtisasda çalışırsa, yenə də növbəti dərslərin hər birinə çalışmalıdır. Dərsləri maraqlı və özünəməxsus qurmağı bacarmalıdır. Şablon dərslərdən qaçmalıdır. Hər bir şagirdlə fərdi işləməyi bacarmalıdır. Ümumi sinifin ruhuna uyğun davranış sərgiləməli, şagirdlərdə motivasiya yaratmağı bacarmalıdır”.

Ekspert sözlərinə belə davam edib: “Hesab edirəm ki, dərsi elə qurmalıdır ki, şagirdlərin bilik qazanmaq həvəsini formalaşdırmalıdır. Sualları elə qoymalıdır ki, şagirdlər o suallara cavab tapmaq üzərində çalışa bilsinlər. Yəni, konkret olaraq bir mövzunu tədris edirsə o mövzunu elə qurmalıdır ki, o həmin dərslə bağlı yenilikləri müəllimin istiqaməti əsasında şagirdlər özləri tapmağı bacarsın. Dərsdə dominant yalnız müəllim olmamalıdır. Ona görə də hər bir şagirdin fərdi xüsusiyyətlərinə, qabiliyyətinə, onun anlaya biləcəyi kimi başa salmalıdır”.

“Eyni zamanda şagirdləri ələ almaq qabiliyyətinə malik olmalı və özünəməxsus yumoru olmalıdır. Müəllim sinifdə demokratik mühiti formalaşdırmağı bacarmalıdır. Şagirdlərin rəftarına müvafiq olaraq çox peşəkarlıqla əks rəftarını ortaya elə qoymalıdır ki, heç bir şagird bu rəftardan zədələnməsin, əksinə bəhrələnə bilsin. Bu çox vacib bir məqamdır. Çünki, bu günkü şagird gələcəyin vətəndaşıdır. Hətta ən yaxşı oxumayan bir şagirdi belə müəllim elə motivasiya edə bilər ki, ona həmin dərsi sevdirə bilər. Yəni, bu cür nümunələr kifayət qədərdir. O şagirdin istedadını mütləq şəkildə üzə çıxarmağı bacarmalıdır. Hər bir şagirdin psixoloji xarakterinə uyğun olaraq onunla iş qurmağı bilməlidir. Eyni zamanda valideynlərlə birgə işləməlidir. Müəllim həm də şagirdlərin psixoloji vəziyyətlərinə uyğun olaraq qərarlar qəbul etməlidir. Deməli müəllim pedaqoq olmaqla bərabər, həm də yaxşı psixoloq olmalıdır. Dərsi əslində çox fərqli metodlarla təşkil etməlidir. Sual cavablar, qruplar şəklində dərsi qurmaqla şagirdlərin marağını və diqqətini birbaşa dərsə yönləndirməyi bacarmalıdır”.

“Müəllim şagirdlə eyni zamanda çox yaxın dost olmalıdır, şagirdlərin inkişaf meyillərini müəllim mükəmməl bilməlidir. Onlara yol göstərməlidir. Münasibəti elə qurmalıdır ki, şagirdlər müəllimi özlərinə ən yaxın bir adam kimi hiss etsinlər. Şagirdlərin uğurlarına dəyər verməyi bacarmalıdır. Qruplar şəklində dərsin təşkil olunması, dərsin formatında həmin sinifə uyğun olaraq münasibət qurmağı bacarmalıdır. Şagirdlərin yaradıcılığının üzə çıxarılması üzərində konkret olaraq işlər qurmalıdır. Şagirdlərlə vaxt keçirməyi bacarmalıdırlar. Şagirdlərə eyni zamanda, sevgi aşılamağı biri-birinə, cəmiyyətə, məktəbə sevginin formalaşması prosesini yaratmalıdırlar. Bu çox vacibdir”.

“Şagirdlərlə rəftarda mütləq şəkildə hörmət təlqin etməlidirlər. Müəllimi ən yaxın dost bilməlidirlər. Qarşılıqlı hörmət olmalıdır. Mütləq şəkildə dərs prosesini əyləncəli qurmaq üzərində düşünməlidirlər və fərqli mövzuları, hətta ən çətin mövzuları belə tədris etməlidirlər ki, şagirdlər yorulmasınlar. Eyni zamanda şagirdlər müəllimləri ədalətli qiymətləndirməyi bacarmalıdırlar. Şagird bilməlidir ki, ona dərs deyən müəllim ən ədalətli müəllimdir. Şagird müəllimin qərarının ədalətli olmağına inanmalıdır. O həvəsi formalaşdırmalıdır ki, şagird hər dərsə gələndə daha səylə çalışsın”.

"Müəllimin bilikləri çox ola bilər. Amma müəllimlik onun içində yoxdursa, o uğurlu müəllim ola bilməz. Bütün cəmiyyətlər əslində uğurlu müəllimə möhtacdırlar və bu baxımdan müəllimlər bunu dərk etməlidirlər. İnsan bu peşəni seçibsə, o həmin peşəyə lazım olan xüsusiyyətləri özündə görmürsə, müəllim olmamalıdır. Mənim birinci ixtisasım müəllim olduğu üçün bununla bağlı xeyli fantaziyalarım var və fikirləşirəm ki, yaxşı müəllimlərin hər birinin amalı məhz "yaxşı müəllim nədir?" sualı üzərində daim çalışmalıdır.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə