Dilənməklə, yoxsa zəhmətlə pul qazanmaq? - ARAŞDIRMA

Son zamanlar iki addımdan bir dilənçilər görürük. Onların sayı günü-gündən çoxalmaqda davam edir. Əksəriyyəti də heç qaraçı belə deyil. Adi, sıradan adamlardır. İnsanları dilənməyə nə vadar edir? Onlar niyə bu addımı atırlar? Hətta onların içərisində əksəriyyətini yeniyetmə və körpə uşaqlar təşkil edir.

“Dilənçiyə pul vermək və ya verməmək” düşüncəsi yeni deyil, çünki problem köhnədir. Məsələn, Osmanlı İmperiyasında dilənmək qanunlara zidd idi. Lakin yeniçərilərə bağlı bir dilənçi başçısı var idi. Dilənçinin "sertifikat kağızı" ilə dilənçilik vizası alanları yoxlayarkən, dilənçi pəhləvanları bölgələrindəki dilənçilərdən aldıqları xəracın hesabına yaşayırdılar.

Bəs, insanları dilənməyə sövq edən nədir? Dilənməyə məcburdurlar, yoxsa öz istəkləri ilə çıxırlar? Dilənçiliyə necə baxırlar? Harada yalvaracağına necə qərar verirlər? Bir gündə nə qədər qazanırlar? Qazanclarını nəyə sərf edirlər? Dilənçilərin jarqonunda hansı sözlər var?

Dilənçinin gözündə biz kimik?

İngilis ədəbiyyatında buna “passer by” deyilir ki, bu da “yoldan keçən” deməkdir. Dilənçilər onlara “yoldan keçən” deyirlər və bu insanları potensial yardım mənbələri kimi görürlər.

Dilənçilik sosial problemdir. Şəxsi deyil. Əslində bir dilənçiyə pul vermək dilənçilərin sayının artmasına şərait yaradır. Verilən hər pul daha çox dilənçiyə səbəb olur və gənc yaşda dilənməyə məcbur olan insanlar istehsal edir.

Peşəkar dilənçiliyin 11 qaydası:

1. Yola tullanma və saxta zədələnmə taktikası:

Dilənçilərdən biri nəqliyyat vasitəsinin qarşısına sıçrayaraq sürücünün onu vurmasına səbəb olur. Sonra yan tərəfdə gözləyən iki ortağı ilə sürücüdən külli miqdarda pul almağa çalışırlar.

2. Kukla və uşaqlarla dilənmək:

Dilənçilərin pul qazanmağa çalışmadığı bir metod qalmayıb. Bəzən kuklanı paltarına büküb onu əsl körpəyə bənzətdirən qadınlar cəmiyyəti aldadır, bəzən də uşağına yuxu dərmanı verib xəstə olduğunu söyləyərək dilənənlər də olur.

3. Zibildən çörək toplayaraq dilənçilik:

Zibil qablarının kənarında oturaraq tıxac və piyadaların dövriyyəsi olan yerlərdə və ya axşam atəş yandıraraq zibildən qida toplamaq taktikası.

4. Nəysə sataraq dilənçilik:

Onlar sıx trafik olan yerlərdə və ya işıqforlarda yalvarıb satış edirlər.

5. Qələm və saqqız sataraq dilənçilik:

Bu qrup mənzillərə və dükanlara gələrək, qələm və saqqız sataraq dilənçilik edir.

6. Özünü iş qabiliyyəti olmayan göstərərək dilənçilik:

Bu qrupdakı dilənçilər isə yeraltı keçidlərdə və sıx yerlərdə əlil kimi davranaraq insanların hisslərindən istifadə edirlər.

7. İbadət edənlərin hisslərindən sui-istifadə:

Peşəkar dilənçi qrupları arasında məscidlərin qarşısında dilənçilik edən bir köçəri qrup da var. Cümə namazı üçün dilənən qruplara da diqqət yetirilməlidir.

8. Şirinlik istəyir kimi davranaraq yalvarmaq:

Şadlıq saraylarının qarşısında bəhanə gətirən ənənəni bəhanə edərək bəyin, gəlinin və qohumlarının yanında ciddi pul yığan dilənçi qrupları var.

9. Yolda qalma bəhanəsi ilə pul toplama:

Bu qrupdakı dilənçilərdən biri özünü yaşlı qadın kimi göstərir. Onlar “Yolda qalmışıq, mənə kömək edə bilərsinizmi? deyərək pul istəyir. Bu şəkildə çox ciddi məbləğ toplaya bilirlər.

10. Xəstəlik kağızı ilə dilənənlər:

Özlərinin və ya yaxınlarının xəstəlik kağızı ilə hər yerə pul toplayan bu qrup, gözlənilməz qazanc əldə edir.

11. İntihar edənlər:

Başqa bir qrup epilepsiya hesabına parklarda və meydanlarda pul yığmağa və ya intihar edirmiş kimi davranmağa çalışır.

Azərbaycanda yaşayan azsaylı xalqlardan biri də qaraçılardır. Ölkəmizdə XX əsrin 20-ci illərində köçəri çadırlarda yaşayan qaraçılar türk sözlərinin qarışığı ilə tat dilində danışırdılar, sayları 2 min nəfərə çatsa da onların əksəriyyəti çoxdan türkləşmiş və Azərbaycan türklərinə qarışmışdı.

2012-2014-cü illərə olan qeyri-rəsmi məlumata əsasən Azərbaycanda yaşayan qaraçıların ümumi sayı 10 min nəfərə yaxındır. Onlar iki qrupa bölünürlər: fars dilində danışanlar və kurmanc dilində danışanlar. Farsdilli Qaraçılar Balakən rayonu ərazisinə I Şah Abbasın hakimiyyəti dövründə köçürülüblər və sayları 2 min nəfərdən artıqdır. Əsasən Şambulbinə, Gülüzanbinə, Məlikzadə kəndlərində yaşayırlar. Özlərini pars adlandıran bu qrup həmçinin Qax rayonunda məskunlaşmışdır. Rayonun Qapıçay kəndi əhalisi 1 ailə istisna olmaqla tamamiylə, Güllük kəndində isə təxminən 20 ailə farsdilli qaraçılardan ibarətdir.

Kurmanc dilli qaraçılar Azərbaycana XX əsrin 50–60–cı illərində Qazağıstandan köçürülüblər və özlərini kürd adlandırırlar. Onlar əsasən Yevlax rayonu olmaqla həmçinin Bərdə, Göyçay, Ağsu, Ağdaş, Şamaxı, Zaqatala və Xaçmaz rayonlarında kütləvi şəkildə yaşayırlar. Yevlax rayonunda yaşayan qaraçıların sayı 2.563 nəfərdir və əsasən Yevlax şəhərində məskunlaşıblar.

Psixoloq Aytən Ələkbərova məsələyə belə şərh verib: “Bu çox maraqlı mövzudur. Çox təsiredicidir ki, nəinki yeniyetmələr, hətta ilk və ikinci şəxsiyyət dövründə dilənən körpə balalarımızı görürük. Amma gəlin belə deyək ki, onların bəzilərinin qaraçı tayfalarından olduğu açıq aydın bilinir. Bu onların simalarında, geyim tərzlərində, hətta onların özünəməxsus çağırışlarında öz əksini tapır”.

Onun sözlərinə görə, bizim xalqımız ruhən çox zəngindir: “Bu xalqdan olan hər kəsin soy-kökünü araşdırdıqda bəy, xan olduğu ortaya çıxır. Bizim millətimizdə dilənən insanların tək-tük olduğu bilinir. Dilənən də həmin zaman hansısa bir şəxsiyyət pozğunluğundan əziyyət çəkən və ya zərərli vərdişlərin qurbanına çevrilmiş insanlardır.Yəni, bunlar çarəsiz vəziyyətdə qalan şəxslərdir ki, işsiz - gücsüz olduğu halda dilənməyə üz tuturlar”.

Psixoloq sözlərinə belə davam edib: “Biz bəzən yaşlı analarımızı da dilənən görürük. Bir neçə dəfə mən onlara yaxınlaşıb söhbət etmişəm ki, sizi bu yola nə vadar edir? Görmüşəm ki, onun psixi durumu pis vəziyyətdə olduğu onu dilənməyə məcburdur. Çox az hallarda olar ki, psixi cəhətdən sağlam olan insanlar dilənməyə üz tutsunlar. Əsasən bunu qaraçı tayfaları təşkil edir. Şəhərin müxtəlif yerlərində, məsələn Xırdalanın kruqu, Sumqayıt ərazisində daha çox olurlar. Qaraçı tayfalarından olanların nəfsi çox iti olur”.

Məsələ ilə bağlı sosioloq Lalə Mehralı da danışıb: “Düzdür dilənçilərin sayı artır amma hamısı məşğuliyyət üçün dilənmir. Onların içərilərində həqiqətən ehtiyacı olanlar var. Yaşlı kişilər və qadınlar var ki, hansı ki, əmək qabiliyyətləri yoxdur amma pensiya da almırlar. Hərçənd pensiya alsalar belə bu pul onların tələbatlarını ödəmir. Elə insanlar var ki, onların dilənməkdən başqa bir yolu yoxdur. Onlara özəl hesablanmış sosial layihə hazırlanmalıdır. Onların ehtiyaclarını ödəyəcək proqramlar olmalıdır. Əgər yaşlı insan pensiya almırsa, əmək qabiliyyəti yoxdursa, necə dolanmalıdır? Təbii ki, dilənmək məcburiyyətində qalır”.

Onun sözlərinə görə, əməkqabiliyyətli insanların dilənməsi məsələsi də gündəmdədir və çox təəssüf ki, bunların əksəriyyəti gənc, gücü qüvvəti yerində olan insanlar olur: “Hətta bu günlərdə azyaşlı övladı ilə dilənən bir qadını sığınacağa yerləşdirməklə bağlı müraciət olundu. O istəmədi, imtina etdi ki, dilənmək daha yaxşıdır. Demək ki, dilənməklə daha çox gəlir əldə edə bilir və bu vəziyyətindən razıdır. Onların əksəriyyətinə iş və orta statistik maaş təklif olunanda razılaşmırlar. Başa düşüləndir ki, bizdə maaş da o qədər yüksək deyil. Amma dilənməkdənsə öz zəhmətinin bəhrəsini yemək, az da olsa öz zəhməti ilə dolanmaq daha faydalıdır”.

Sosioloq sözlərinə belə davam edib: “Amma görünür ki, dilənəndə daha çox qazandıqları üçün onlar rahatlıqla bu yola əl atırlar. Böyüklərin körpələri diləndirmələri onların hüquqlarını pozmaq deməkdir. Körpə üzərindən gəlir əldə etmək onları istismar etməkdir. Buna yol verməmək lazımdır. Bu baxımdan əlaqəli orqanlar məsələ ilə bağlı işləməlidir. Təəssüf ki, bu orqanlar bəzən müşahidəçi rolunda qalırlar”.

Ekspert Rövşən Rəsulov isə fikirlərini belə ifadə edib: “Təəssüf ki, biz tez-tez şəhərimizin küçələrində belə halların şahidlərinə çevrilirik və bu cür arzuolunmaz vəziyyət bütövlükdə xalqımızın ictimai nüfuzuna xələl gətirir. Çünki onları yalnız biz deyil, həm də ölkəmizə təşrif gətirən xarici qonaqlar da görürlər və bu da bütövlükdə ölkəmiz haqqında yaranan yüksək təəsüratları kölgədə qoyan amildir. Bəli, qaraçı problemi bütün dünyada mövcuddur və dilənçilik, küçə falları və s. kimi halların qarşısı alınmaza, bu qarşıdakı vaxtlarda sosial problemlər qismində daha da arta bilər. Bir çox mənbələrdə qaraçıların əsas iş prioritetlərinin məhz dilənçilik, küçə falçılığı olduğu bildirilir. Amma bu o demək deyil ki, onlara bunun üçün şərait yaradılmalıdır. Əsla belə deyil və olmaz. Bu fəaliyyətlə məşğul olan insanlar inzibati qaydada cərimələnməli və sənədləri yoxdursa, ölkə hüdudlarından çıxarılmalıdır. Çünki həmin insanlar faydalı əməklə məşğul olmayaraq dilənçilik edirsə, bu yol verilməzdir. Buna qarşı hüquq-mühafizə orqanları müvafiq qanuni tədbirlər görməlidirlər. Əks halda, həmin dilənçilər ictimai qaydanın pozulmasına səbəb olur, cəmiyyətdə heç də yaxşı olmayan əhval-ruhiyyə yaradırlar. Onların fəaliyyəti həm də oğurluq, cibgirlik tipli hallarının artmasına səbəb olur. Ümumiyyətlə, bu problemin köklü həll olunması istiqamətində qəti qərarların verilməsi vacibdir.

Ancaq qeyd etdiklərimizlə yanaşı, biz ümumən qaraçı tayfalarına aid olmayan şəxsləri, xüsusən də azyaşlı uşaqları, qadınları da şəhərimizin mərkəzi küçələrində, metro stansiyalarının girişində və s. ictimai yerlərdə görürük. Bu da əlbəttə ki, problemin digər tərəfidir. Yəni dilənçiliklə yalnız qaraçılar məşğul olumurlar.

Yəqin ki, çoxlarınız müxtəlif yerlərdən eşitmisiniz ki, bu gün heç bir qanun çərçivəsinə sığmayan dilənçilik biznesi mövcuddur və bu biznes müəyyən qarnlıq dairələr tərəfindən idarə edilir. Təsəvvürünüzə gətirin, bahalı avtomobil bir neçə dilənçini əvvəlcədən təyin olunmuş ünvanlara gətirir və onlar günün pik saatlarında əl-açıb dilənməklə məşğul olurlar. Gün ərzində yığdıqları gəlirləri isə axşam saatlarında onlara nəzarət edən insanlara verirlər, müəyyən faizləri isə qazanc olaraq götürürlər. Həmçinin, bu gün günümüzün ən ağrılı problemlərindən birinə çevrilən narkoticarət faktorları da belə insanlar vasitəsi ilə həyata keçirilir. Bu, bir cinayətkar şəbəkədir, yaxud şəbəkələrdir və belə şəbəkələrin çox ciddi qaydada araşdırılaraq ifşa olunması artıq bir tələbə çevrilməlidir. Belə mühitdə böyüyən uşaqlar gələcəyin potensial cinayətkarları, qatilləri, narkomanlarıdırlar. Yəni sonradan belə arzuolunmaz, hətta bəzən kiçik görünən hallar həqiqətən də qarşısıalınmaz problemlərə çevrilməyə başlayır. Bu işdə ümumi ictimai dəstək göstərmək lazımdır və bənzər hallarla qarşılaşdığımız zaman dərhal müvafiq orqanlarla əlaqələr saxlanılmalıdır”.

Şəhər sakini Aqil Piriyev: "Pandemiya səbəbindən bir çox iş yerlərinin bağlanması, toy və turizm sektorunda çalışan bir çox insanı işsiz buraxıb. Bir müddət sonra isə Vətən müharibəsi və bu səbəbdən əmək qabiliyyətini itirən bir çox vətəndaşımız oldu. İnsanları dilənməyə vadar edən səbəblərə gəldikdə isə bəziləri iş tapa bilməməyi səbəb göstərərkən, bəziləri isə insanları özünə acındıraraq asan yoldan pul qazanmağı hədəf seçir. Hal-hazırda geniş yayılan sintetik tərkibli narkotik vasitələrin istifadəsi də gənc və yeniyetmələrin dilənmələrini görməyimizə gətirib çıxarır".

Şəhər sakini Leyla İsgəndərova: "İlk öncə qeyd etmək lazımdır ki, təhsil çox önəmlidir. Təbii ki, qalxıb deyə bilərsiniz ki, mənim təhsilim var, lakin işə qəbul ola bilmirəm. Qaldı ki, dilənməyə, onu deyə bilərəm ki, bir çox səbəb ola bilər. İlk səbəb o ola bilər ki, asan yolu seçirlər. Sadəcə oturub əl uzadaraq pul qazanmaq istəyirlər. Bir çoxu artıq bu yola əl atır. Təəssüf. İkinci səbəb heç bir şəraitin olmaması ola bilər. Bu yalnız maddiyyat yox, valideyinin və ya uşağ tərəfindən atılmış, heç bir bacarığ, təhsil və gücə sahib olmamaq. Və üçüncü səbəb, qaraçılar. Artığ bu barədə cavab belə bəllidi. Qanda var".

Şəhər sakini Nəzrin Qarayeva: "Son zamanlarda dilənçilər həddindən artıq çoxalıb. Amma əksəriyyəti ehtiyacı olduğu üçün yox onu özünə peşə seçərək bu işlə məşğul olurlar. Dəfələrdə qarşıma çıxıb ki, pul vermişəm və bir az kənarda səliqəli geyimli biri yaxınlaşıb bütün pulları təhvil alıb. Sağlam olduqları halda belə işləməyi yox, dilənməyi üsdün tuturlar. Az yaşlıları məcbur şəkildə dilənməyə vadar edirlər. Bu halların qarşısının alınması gərəklidir".

Şəhər sakini Paşa Məmmədov: "Düşünürəm ki, bu çox yalnış addımdır. Onların sayı hər keçən gün biraz daha artır. İnsanlar dilənmək yerinə özlərinə uyğun iş tapsalar bu daha məqsədəuyğundur".

Şəhər sakini Turqay Musayev: "Elə insanlar var ki, dilənçiliyə peşə kimi yanaşır və həqiqətən ehtiyac olmadığı halda dilənir. Bu qəbuledilməzdir. Uşaqların dilənməsi isə insanlığın ölümünə bərabərdir. Aydındır ki, kimlərsə onları buna məcbur edir. Həmin şəxslər tapılıb ən ağır şəkildə cəzalandırılmalıdır. Uşaqlar dilənməli yox yaşıdlarıyla oynamalıdır".

Şəhər sakini Aytən Məmmədova: "Bəli, demək olar ki, hər yerdə dilənçilər qarşımıza çıxır. Bəziləri ehtiyacından, bəziləri isə artıq onlarda verdi. olduğu üçün dilənirlər. Yəni onlar dilənçilik etməyi adət ediblər. Onların sayı o qədər çoxdur ki, artıq ayırmaq olmur ki, bu adam həqiqətən dilənçidir ya yox. Ona görə də artıq mən heç birinə inanmıram və kömək etmirəm. Çünki dəfələrlə olub ki məsələn, o dəfə İnşaatçılar metrosu ərazisində bir qız uşağı idi əl çəkmədi deyə pul verdik. Daha sonra həmin dəqiqə telefon mağazasında işləyən oğlan gəldi və pulu qızdan götürdü. Elə olub ki, evə gəlib əsa vermişik. Sora arxasınca baxanda görmüşəm ki, əsanı əlində oyuncaq kimi firladır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə