“Azərkosmos” “Tier 4” sertifikatını əldə edib

“Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Bakıda fəaliyyət göstərən teleportu Dünya Teleport Assosiasiyasının “Sertifikatlaşdırma proqramı”ı üzrə bütün mərhələləri uğurla tamamlayaraq “Tier 4” uyğunluq sertifikatını əldə edib. ASC-dən SİA-ya bildirilib ki, “Tier 4” sertifikatına malik olan şirkətlər təqdim etdiyi teleport xidmətləri, texniki infrastruktur və iş prosesinin etibarlılığına və təhlükəsizliyinə 99,9 faiz təminat verir.

“Azərkosmos” ASC-yə məxsus teleportun resursları “Azerspace-1”, “Azerspace-2” və “Azersky” peykləri ilə yanaşı, digər peyk operatorlarının peyklərindən və fiber-optik şəbəkə üzərindən gələn siqnalları qəbul etməyə imkan verir.

“ASC-nin Beynəlxalq Teleport Assosiasiyası tərəfindən sertifikata layiq görülməsi böyük uğurdur. “Tier 4” sertifikatı teleport xidmətlərimizin yüksək keyfiyyət və texnoloji baxımdan müasir tələblərə tam cavab verdiyini göstərir. Bu sertifikat bizim insan kapitalının inkişafına, yeni texnologiyaya və müasir infrastruktura xüsusi önəm verdiyimizi bir daha təsdiq edir”, – deyə “Azərkosmos”un baş kommersiya direktoru Mark Qusriye qeyd edib.

“Tier 4” sertifikatı teleport operatorunun müştərilərə göstərdiyi xidmətin keyfiyyətinə dair zəmanətdir. Sertifikat, həmçinin operatorlar üçün infrastruktur, avadanlıq və prosedurların beynəlxalq təşkilat tərəfindən audit olunması baxımından da dəyərli imkandır”, – deyə Dünya Teleport Assosiasiyasının icraçı direktoru Robert Bell bildirib.

Qeyd edək ki, Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksəkkeyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevralında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azerspace-1” peyki 46 dərəcə şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabrından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 metr ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın idarəçiliyini təhvil alıb və bununla da geoinformasiya xidmətləri daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlayıb. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, “Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”ni 45 dərəcə şərq uzunluğu orbital mövqeyinə çıxarıb.

Dünya Teleport Assosiasiyası 1985-ci ildən etibarən peyk rabitəsinin yerüstü sistemlərinin inkişafı istiqamətində fəaliyyət göstərir. Assosiasiyanın üzvlərini əsasən dünyanın teleport xidmətləri təklif edən şirkətləri, innovativliyə üstünlük verən peyk operatorları və qlobal səviyyədə xidmət göstərən teleport operatorları təşkil edir. Dünya Teleport Assosiasiyasının əsas vəzifələri dünyada telekommunikasiya sahəsində teleport xidmətlərini göstərən şirkətlərin maraqlarını müdafiə etmək, teleportların əhəmiyyətini təbliğ etmək və bu biznesdə keyfiyyət standartlarının yüksəldilməsini təmin etməkdir.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə